“Neftçi İdman Klubu”nun pauerliftinqçiləri ölkə kubokunda fərqləniblər
AAAF Park Yaşayış Kompleksinin idman zalında pauerliftinq üzrə Azərbaycan kubokuna yekun vurulub.

Yarışda respublikanın müxtəlif bölgələrindən 15 komandanın tərkibində 100-dən çox qadın və kişi atlet qalib adı uğrunda mübarizə aparıb.

Yarışın əsas məqsədi ölkənin ən güclü pauerliftinqçilərinin adına aydınlıq gətirməklə yanaşı, həm də noyabrda ABŞ-ın Nyu-Orlean şəhərində keçiriləcək dünya kubokuna hazırlıqdır.

“Neftçi İdman Klubu”nun turnirdə qüvvəsini sınamış atletlərindən üçü mükafatçılar arasında yer alıb. Pərviz Quliyev (67,5 kq) 385 kiloqram ağırlığın öhdəsindən gələrək qalib adını qazanıb. Elşən Abduraxmanov (52 kq) isə 250 kiloqram nəticə ilə eyni uğura imza atıb. Zərif cinsin nümayəndələri arasında təşkil olunan yarışda Tubuxanım Aslanova (52 kq) 120 kiloqram ağırlığı ram edib və gümüş medala layiq görülüb.

Xəbər 1121 dəfə oxundu.