“Koreya səfiri” taekvondo kuboku turnirinə yekun vurulub
Azərbaycan Taekvondo Federasiyasının və Koreya Respublikasının ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə oktyabrın 1-2-də Quba Olimpiya Kompleksində keçirilən “Koreya səfiri” kuboku turniri başa çatıb. Komanda hesabında birinci yerə aktivində iki qızıl, iki gümüş və iki bürünc medal olan 2 nömrəli “Gömrükçü” idman klubu layiq görülüb.

Turnirdə respublikamızda fəaliyyət göstərən taekvondo bölmə və klublarından 2003-2005-ci il təvəllüdlü 200-dək yeniyetmə idmançı qüvvəsini sınayıb.

Yarışın təşkilində məqsəd ölkədə taekvondonun təbliği, bölgələrdə idmanın bu növünün inkişafına təkan vermək, idmançıların yarış təcrübəsinin və ustalığının artırılmasıdır.

Yarışın bağlanış mərasimində Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Nağı Səfərov, Koreya Respublikasının ölkəmizdəki səfiri Kim Çanq-qyu və Quba Rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov çıxış edərək ölkəmizdə idmanın, o cümlədən taekvondonun inkişafına göstərilən diqqət və qayğıdan bəhs ediblər. Taekvondoçularımızın dünya və Avropa çempionatlarında, “Rio-2016” Yay Olimpiya Oyunlarında əldə etdikləri uğurlar bu diqqət və qayğının göstəricisi kimi dəyərləndirilib.

Sonra turnirin qalibləri diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Xəbər 760 dəfə oxundu.