“Mahir nişançı”lar Xocalı faciəsini yad etdilər

Fevralın 24-də Bakıxanov qəsəbəsindəki 1 nömrəli texniki idman cəmiyyətində Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə respublikanın ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunmuş güllə atıcılığı üzrə “Mahir nişançı” turniri keçirilib.
Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə təşkil edilmiş turnirin əsas məqsədi XX əsrdə erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş soyqırımları qurbanlarının xatirəsini yad etməkdir. Turnir, eyni zamanda, yetişməkdə olan nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinə nail olmaq, onlarda hərbi vərdişlərin yaranmasını təmin etmək, gənclərin ordu sıralarında hərbi xidmət keçmə hazırlığının yüksəlməsinə kömək göstərmək, güllə atıcılığı idman növünün geniş təbliği məqsədi güdüb.
Yarışda birincilik uğrunda 30 komanda mübarizə aparıb. Turnirin qalibi adını Azərbaycan Texniki Universitetinin komandası qazanıb. Azərbaycan İnşaat Mühəndisləri Universiteti ikinci, Sumqayıt Dövlət Universiteti isə üçüncü nəticə göstəriblər.

AzərTAc

Xəbər 1358 dəfə oxundu.