Şəhriyar Məmmədyarov Moskvada Mixail Tal memorialında blits-turnirin qalibi olub
Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Moskvada səkkizinci dünya çempionu Mixail Talın xatirəsinə həsr edilmiş ənənəvi şahmat turnirinin açılışında keçirilən blits- turnirin qalibi olub.

Rusiya KİV-lərinin verdiyi məlumata görə, Azərbaycan nümayəndəsi 9 mümkün xaldan 7,5 xal toplayaraq birinci yeri tutub. İkinci yeri Ermənistan nümayəndəsi Levon Aronyan (5,5 xal), üçüncü yeri rusiyalı Yan Nepomnyaşşiy (5 xal) tutub.

Əsas turnirin start turu üçün püşkatmada Şəhriyar Məmmədyarov beşinci nömrəni seçib. İlk görüşdə ağ fiqurlarla oynayacaq Ş.Məmmədyarovun rəqibi Çin nümayəndəsi Li Çao olacaq.

Birinci turun digər partiyalarında Pyotr Svidler və Vladimir Kramnik, Yan Nepomnyaşşiy və Yevgeni Tomaşevski, erməni Aronyan və israilli Boris Gelfand, hollandiyalı Aniş Giri və hindistanlı Vişvanatan Anand qarşılaşacaq.

Oktyabrın 6-da başa çatacaq turnirin mükafat fondu 200 min dollara bərabərdir.

Xəbər 688 dəfə oxundu.