Ramil Qasımov: Rioda Azərbaycanın dövlət himninin səsləndirilməsi çox qürurverici idi
Fəxri kürsünün ən yüksək pilləsində yer aldığım üçün özümü xoşbəxt hiss edirəm. Azərbaycanın dövlət himninin Rioda səsləndirilməsi qürurverici və unudulmaz idi.

Bu sözləri “Rio-2016” Yay Paralimpiya Oyunlarında Azərbaycana qızıl medal qazandıran cüdoçu Ramil Qasımov sentyabrın 22-də Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançılarımızın qarşılanması mərasimində deyib.

“Rio-2016”nın qızıl medalçısı bildirib: “Rəqiblərim çox güclü idi və buna görə də qarşılaşmalar çox gərgin keçdi. Amma buna baxmayaraq, var gücümü toplayıb bütün rəqiblərimə qalib gəldim. Rio-de-Janeyroya yola düşəndə ancaq qələbə haqqında düşünürdüm. Qızıl medal qazanmaqla komandamızı və xalqımızı sevindirdim”.

Çempion idmançımızın şərəfinə Azərbaycanın dövlət himni səsləndirilərkən böyük qürur hissi keçirdiyini bildirən cüdoçu deyib: “Bu, sözlə təsvir edilə bilməyən hissdir. Bunun üçün bütün mərhələləri adlayıb, fəxri kürsüyə qalxmaq və o hissləri yaşamaq lazımdır”.

Xəbər 1608 dəfə oxundu.