Las Veqasdan 6 medalla
Las Veqasda ABŞ-ın açıq çempionatı (“US Open”) başa çatıb. Taekvondo Fedarasiyasından idman.com.az saytına verilən məlumata görə, turnir Azərbaycan seçmə komandası uğurla tamamlanıb. Təmsilçilərimiz gərgin rəqabətlərdə 4 gümüş və 1 bürünc medal qazanıblar.

London Yay Olimpiya Oyunlarına lisenziya təmin edən Ramin Əzizov (80 kq) zədə səbəbindən final döyüşünə çıxa bilməyib. Millimizin digər titullu idmançısı İlkin Şahbazov (74 kq) da yarışdan gümüş medalla ayrılıb. Fariz Əliyev (74 kq) isə yarımfinalda qələbəni əldən verməklə, «bürünc»ə sahib çıxıb.

Qadın taekvondoçularımızdan Xəyalə Quliyeva (46 kq) və Fəridə Əzizova (67 kq) 2-ci yer tutublar. Səbinə Mikayılova (62 kq) mübarizəni 1/4 finalda dayandırmalı olub. Bundan başqa, Azərbaycan millisi turnirin ən mübariz komandası mükafatına da layiq görülüb.

Qeyd edək ki, WTF-in “G2” kateqoriyalı bu yarışında qaliblərə 20, finalçılara 12, bürünc mükafatçılara isə 8 reytinq xalı verilir. Ramin Əzizovla Fəridə Əzizovanın London olimpiadasındakı 15 potensial rəqibindən 3-ü “US Open”də iştirak ediblər. Milli komandamız fevralın 27-də Vətənə dönəcək.

Xəbər 1487 dəfə oxundu.