Rusiya mətbuatı: «Azərbaycan futzalçıları Serbiya ilə görüşdə sanki məsuliyyətsizlik göstərdi»
Futzal üzrə Avropa çempionatının ən böyük uğursuzlarının adları açıqlanıb. İdman.com.az saytı apasport.az-a istinadən xəbər verir ki, Xorvatiyada keçirilmiş yarışdan təxminən yarım ay sonra Rusiya mətbuatı yarışla bağlı dəyərləndirmə aparıb. İştirakçı komandalara toxunan həmkarlarımız ən böyük uğursuzların da kimliyini müəyyənləşdirib. Həmkarlarımızın fikrincə, qrup səddini adlaya bilməyən Azərbaycan milli komandası ən uğursuz 2 yığmadan biri olub:

«Sonuncu yeri tutub qrupda qalan Türkiyə və Sloveniyanı uğursuz saymaq olmaz. Onlar imkanları və bacarıqları daxilində hər şeyi etdilər. Digər 2 qrup sonuncusu Azərbaycan və Çex Respublikası isə, əsl uğursuzlar oldu. Özü də hər 2 komanda birbaşa rəqibləri ilə matçda udub, mübarizəni davam etdirmək imkanına malik idi. Macarıstandakı Avro-2010-un yarımfinalçıları bu vəziyyətə düşməkdə özləri günahkardır.

Çex Respublikası yığmasının uğursuzluğunda yaş amili özünü göstərdi. Əksər oyunçular yaşlaşıb, gənc ulduzlar isə yoxdur. Joze Alesio da Silva və braziliyalılardan ibarət komandası isə zəif oynadı. Onlar xüsusilə Serbiya ilə görüşdə sanki məsuliyyətsizlik göstərdilər».
Qeyd edək ki, yığmamız Serbiya ilə görüşün böyük hissəsi boyu hesabda öndə olsa da sonda 8:9 hesabı ilə məğlub olub.


Xəbər 1059 dəfə oxundu.