Həmvətənimiz qol güləşi üzrə Pekin açıq çempionatının qalibi olub
Çində müvəqqəti yaşayan Azərbaycan vətəndaşı Samir Məlikov qol güləşi üzrə Pekin açıq çempionatının qalibi olub. O, ağır çəkidə (100 kq+) həm sağ, həm də sol qol ilə bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə çıxıb.

Çin idmançıları ilə yanaşı, Rusiya, Koreya Respublikası və digər ölkələrin qol güləşçilərinin qatıldığı Pekin açıq çempionatının mükafatçıları Çin açıq çempionatında yarışmaq hüququ qazanıblar.

Samir Məlikov 17 yaşında Bakıda məşqçi Hikmət Xalıqovun rəhbərliyi ilə ağır atletika ilə məşğul olmağa başlayıb və idman ustalığına namizəd olub. İş fəaliyyəti ilə əlaqədar son illər Pekində yaşayan S.Məlikov bir neçə dəfə şəhər açıq çempionatında və digər turnirlərdə gücünü sınayıb. İndi onu qarşıda Çin açıq çempionatı gözləyir.

Azərbaycanın Çindəki səfirliyində keçirilən görüşdə səfir Lətif Qəndilov Samiri qazandığı nailiyyətə görə təbrik edib, ona qarşıdakı yarışlarda uğurlar arzulayıb. Diplomat xaricdə yaşayan soydaşlarımızın müxtəlif tədbirlərdə ölkəmizi belə yüksək səviyyədə təmsil etməsini, Azərbaycan bayrağını yüksəltməsini qürurverici hadisə kimi dəyərləndirib.

Xəbər 747 dəfə oxundu.