XXVIII Yay Olimpiya Oyunlarına hazırlıq haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
2004-cü ildə Yunanıstanın paytaxtı Afina şəhərində XXVIII Yay Olimpiya Oyunları keçiriləcəkdir. Dünyanın bütün ölkələrində bu mühüm beynəlxalq idman yarışına hazırlıq işləri aparılır.
Bir əsrdən çox tarixi olan müasir Olimpiya Oyunları bu gün dövrümüzün ən nüfuzlu, mötəbər və geniş təmsil olunmuş idman tədbiridir. Müasir dünyada hər hansı ölkənin Olimpiya Hərəkatındakı iştirakı, idmançılarının Olimpiya Oyunlarında göstərdikləri nəticələr həmin ölkənin təkcə idman sahəsindəki potensialını deyil, həm də ümumi inkişaf səviyyəsini nümayiş etdirən, onun beynəlxalq nüfuzuna təsir edən göstərici kimi qiymətləndirilir. Milli, irqi və dini mənsubiyyətindən asılı olmayaraq, milyonlarla insanı bir yerə toplaya bilən Olimpiya Oyunları həm də qarşılıqlı anlaşma əlaqələrinin, dünyada sülhün və əmin-amanlığın möhkəmləndirilməsi işinə xidmət edən güclü vasitə hesab olunur. Olimpiya Hərəkatının böyük əhəmiyyətini dərk edən dünya ölkələri ilbəil onun sıralarını artırmışlar.
1896-cı ildə Afinada I Olimpiya Oyunları cəmi 14 ölkənin iştirakı ilə keçirilmişdisə, 2000-ci ildə Sidneydə təşkil edilmiş oyunlarda artıq 199 ölkə iştirak etmişdir.
Azərbaycan idmançıları 1952-ci ildən etibarən Olimpiya Oyunlarında iştirak etməyə başlayaraq, 1992-ci ilə kimi əvvəl SSRİ, sonra isə Müstəqil Dövlətlər Birliyinin yığma komandasının tərkibində çıxış etməli olmuşlar. Bu dövr ərzində Azərbaycan idmançıları 10 olimpiadada çıxış edərək 12 qızıl, 11 gümüş və 7 bürünc medal qazanmışlar.
Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsi ilə ölkəmizin Olimpiya Hərəkatında yeni bir dövr başlandı. 1992-ci ildə Milli Olimpiya Komitəsinin yaradılması və onun Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınması Azərbaycana müstəqil bir dövlət kimi öz idman potensialını tam nümayiş etdirmək imkanı verdi. 1996-cı ildə Atlantada ilk dəfə olaraq müstəqil Azərbaycan Respublikasının üçrəngli bayrağı altında çıxış edən milli olimpiya komandasının göstərdiyi nəticə uğurlu sayıla bilər. Gənc Azərbaycan Respublikası 197 ölkənin iştirak etdiyi bu oyunlarda 61-ci yeri tutdu.
1997-ci ildən başlayaraq, ölkəmizdə Olimpiya Hərəkatını sürətlə inkişaf etdirmək və onun Beynəlxalq Olimpiya hərəkatına daha fəal qoşulmasını təmin etmək məqsədilə həyata keçirilən tədbirlər qısa müddət ərzində öz müsbət nəticələrini verdi. Azərbaycan idmançılarını Sidneydə keçiriləcək XXVII Yay Olimpiya Oyunlarına hazırlamaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin 26 avqust 2000-ci il tarixli Sərəncamı ilə idmançılarımızı və onların məşqçilərini XXVII Yay Olimpiya Oyunlarında yüksək nəticələrə həvəsləndirmək məqsədilə mükafatlar müəyyən edildi.
2000-ci ildə müstəqil dövlət kimi ikinci dəfə olimpiadada iştirak edən Azərbaycanın idmançıları XXVII Yay Olimpiya Oyunlarında 2 qızıl və 1 bürünc medal qazanaraq, 199 ölkənin iştirak etdiyi bu oyunlarda ölkəmiz üçün 34-cü yeri, Avropa dövlətləri arasında isə 23-cü yeri təmin etdilər. Bu, Milli Olimpiya Komitəsinin rəhbərliyi altında aparılmış məqsədyönlü və gərgin işin parlaq nəticəsi kimi, Azərbaycan dövlətinin ölkəmizdə Olimpiya Hərəkatına göstərdiyi diqqət və qayğının bəhrəsi kimi qiymətləndirildi.
XXVII Yay Olimpiya Oyunları başa çatdıqdan dərhal sonra Azərbaycanda Olimpiya Hərəkatının daha da genişləndirilməsi, xüsusilə ölkəmizin bütün bölgələrini əhatə etməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançılarımızın beynəlxalq yarışlarda daha fəal iştirakının təmin olunması yolunda mühüm addımlar atıldı. Təkcə 2000-2002-ci illərdə Bakıda, onun Maştağa qəsəbəsində, Naxçıvanda, Gəncədə və Şəkidə müasir tipli idman kompleksləri tikilib istifadəyə verilmişdir. Bərdə idman kompleksinin tikintisi artıq başa çatdırılıb. Lənkəran və Quba şəhərlərində də idman komplekslərinin tikintisi davam etdirilir. Şamaxıda isə belə bir kompleksin tikintisinə başlanılmışdır. Bakıda İdman Oyunları Sarayında, İdman-Konsert Kompleksində, Respublika stadionunda və Bədən Tərbiyəsi Akademiyasının futbol meydançasında tam təmir-bərpa işləri aparılmışdır. Bakıda üzgüçülük hovuzu tikilib istifadəyə verilmiş, əltopu və gimnastika üzrə idman zallarının tikintisi işləri həyata keçirilir. Bakıda stend atıcılığı üçün idman qurğusunun və otüstü xokkey üçün stadionun tikintisi də başa çatmaq üzrədir.
Həyata keçirilmiş irimiqyaslı işlər nəticəsində Bakı dünyanın tanınmış idman mərkəzlərindən birinə çevrilməkdədir. Son illərdə bir çox nüfuzlu beynəlxalq idman tədbirlərinin Bakıda keçirilməsi buna əyani sübutdur.
Sidney Olimpiadasından sonra Gənclər, İdman və Turizm Nazirliyinin və Milli Olimpiya Komitəsinin apardığı məqsədyönlü işlər, idmançılarımızın əldə etdikləri yüksək göstəricilər və qalan müddət ərzində həyata keçirilməsi nəzərdə tutulmuş tədbirlər Azərbaycanda Afina Olimpiadasına hazırlığın yüksək səviyyədə getdiyini göstərir.
Azərbaycanın milli yığma komandalarını 2004-cü ildə Yunanıstanın Afina şəhərində keçiriləcək XXVIII Yay Olimpiya Oyunlarına yüksək səviyyədə hazırlamaq və hazırlıq mərhələsində onların rəsmi beynəlxalq yarışlarda iştirakını təmin etmək məqsədilə qərara alıram:
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
- milli yığma komandanın XXVIII Yay Olimpiya Oyunlarına hazırlığı mərhələsində təlim-məşq toplanışlarının keçirilməsini, rəsmi beynəlxalq yarışlarda iştirakını, Gənclər, İdman və Turizm Nazirliyinin və Milli Olimpiya Komitəsinin təqdim etdiyi xüsusi proqramlara əsasən nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə maliyyə məsələlərini həll etsin;
- bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 iyun 2003-cü il.

Xəbər 976 dəfə oxundu.