Şahmat Olimpiadasının VIII turunda Azərbaycanın qadınlardan ibarət əsas komandası Çin ilə qarşılaşacaq
Sentyabrın 10-da saat 15:00-da “Baku Crystal Hall”da 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turuna start veriləcək.

Azərbaycanın kişilərdən ibarət əsas yığma komandası Latviya millisi ilə qarşılaşacaq. İkinci yığmamızın rəqibi Finlandiya olacaq. Üçüncü millimiz isə Dominikan Respublikası ilə üz-üzə gələcək.

Turun daha çox maraq doğuran digər görüşləri Rusiya-ABŞ, Ukrayna-Gürcüstan, İngiltərə-Hindistan, Çin-Macarıstan, Polşa-Çexiya, Hollandiya-Kuba və Fransa-Almaniya qarşılaşmalarıdır.

Yeddi turdan sonra hesabında 11 xal olan əsas komandamız turnir cədvəlində səkkizinci sırada qərarlaşıb. İkinci yığmamız 9 xalla 27-ci, üçüncü komandamız isə 6 xalla 98-ci pillədədir.

ABŞ millisi 13 xalla Olimpiadanın vahid lideridir. Hər biri 12 xal toplamış Rusiya ikinci, Gürcüstan üçüncü, Ukrayna dördüncü, Hindistan beşinci, İngiltərə altıncı, Latviya isə yeddincidir.

Azərbaycanın qadınlardan ibarət əsas millisi isə səkkizinci turda güclü Çin yığması ilə üz-üzə gələcək. İkinci komandamız Sinqapur, üçüncü yığmamız isə Peru ilə görüşəcək.

Səkkizinci turda kişilərin mübarizəsində olduğu kimi, qadınların yarışında da Rusiya-ABŞ qarşıdurması baş tutacaq. Bundan başqa, Ukrayna-Macarıstan, Polşa-Hollandiya, Hindistan-Özbəkistan, Gürcüstan-Argentina, Bolqarıstan-Ekvador, Almaniya-Monqolustan görüşlərində də gərgin idman mübarizəsinin aparılacağı gözlənilir.

Yeddinci turdan sonra qadınların yarışında 5 komanda 12 xalla liderdir. Rusiya birinci, Çin ikinci, Azərbaycanın əsas komandası üçüncü, ABŞ dördüncü, Hollandiya isə beşincidir. Doqquz xal toplayan ikinci komandamız 24-cü, üçüncü yığmamız isə 32-ci yeri tutur.

Xəbər 729 dəfə oxundu.