Yığma mübarizəyə ürkək qələbə ilə başladı
Milli komandamızın bu seçmə mərhələyə qələbə ilə başlayaraq, heç olmazsa, ilk turlarda qrupun liderlərindən biri olacağını görməyə ümidlər böyük idi. Hətta rəqibin sanbalını nəzərə alaraq, topların sayına görə, vahid lider olacağını təxmin edənlər də var idi.

Amma həqiqətən tarixdə ilk dəfə bir rəsmi yarışın debüt oyununda qələbə qazanılsa da, komanda bunu elə tərzdə etdi ki, qələbə qazandığını və yaxud qitənin əbədi mütləq autsayderlərdən biri ilə oynadığını hiss etmək mümkün olmadı. İlk bir neçə dəqiqəni çıxmaq şərtilə - həmin müddətdə futbolçular böyük ruh yüksəkliyi və həvəslə oynadılar. Sonra heç nədən, hətta rəqibin düz-əməlli təzyiqi olmadan kələfin ucu elə itirildi ki, futbolçular nə etdiklərini doğru-dürüst bilmədilər.

Əlbəttə, böyük yarışların başlanğıcında həmişə çətin olur. Üstəlik, ilk dəfə idi ki, milli rəsmi yarışına belə bir rəqiblə başlayırdı. Futbolçuların ehtiyatlı davranmağını da haradasa anlamaq olar. Lakin onların inamlı, inadlı, qətiyyətli ifadələrini eşitmədik. Rəqibə, sözsüz, saymazyana yanaşmaq olmazdı. Lakin qələbəyə inanmaq heç də bu münasibətin meyarı deyil axı. Komandanın üzvləri mənəvi cəhətdən o qədər ehtiyatlı davrandılar ki, bunun hətta qorxu, hürkü həddinə çatmasını əyani hiss etmək mümkün idi.

Hələ onu da qeyd etmək lazımdır ki, rəqib qapısı ağzında istədiyini edən, qol vəziyyətlərini, qapıya zərbələri ard-arda düzən, hələ üstəlik az qala oyunun yarısını bir nəfər azlıqda keçirən bir rəqibin qapısına cəmi bir qol vuran komanda üçün, hələ ki, perspektivdən danışmaq erkəndir. 20 zərbədən 8-nin qapıya istiqamətlənməsi və yalnız birinin hədəfə tuş gəlməsi vəziyyəti əyani təsvir etməyə imkan verir. Axı, bu 8 zərbədən, ən azı, 4-ündə top mütləq qapıdan keçməli idi.

Komandanın son dövrlərdə siması çox dəyişməyə başlayıb. Bu aralarda heyətə yenə 3 futbolçu cəlb olunub və onlardan ikisi Emin Mahmudovla, Ramil Şeydayev millidə debüt etdilər. İlk təəssürat pis olmadı. Lakin bu qədər yeniləşmə də daha bəhərsiz qalmamalıdır. Bu, yerli futbolçuların yetişdirliməsi prosesinə çevrilməlidir. Bunun üçün AFFA-nın bütün aspektlər üzrə kifayət qədər rıçaq və mexanizmləri var.

Komandanın Dünya kuboku-2018-in seçmə mərhələsində debüt oyununa qayıtsaq, əlbəttə, hələ konkret qərar verməyə tələsməyək. Çünki meydanda autsayderə təsadüfən uduzmaq istəməyən bir komandaya bənzər heyət var idi. Yəqin rəqiblərin səviyyəsi dəyişdikcə oyun təkmilləşəcək. Unutmayaq ki, belə autsayderdən qorxan bir komanda da böyüməmək təhlükəsi ilə üzü-üzədir. Həmin matçda "vurmayana vurarlar" prinsipinin həyata keçməməsinə görə, yəqin, rəqibə təşəkkür etməliyik. Çünki onun təpəri və gücü olsaydı, azlıqda qalmaqdan qorxmasaydı, fərqli oyun görərdik.

Hələliksə, bu qrupda çətin rəqabətdə komandamızın hansı nəticəyə ümid edəcəyini təxmin etmək olmur. Amma komandanın 3-cü yer uğrunda da mübarizədə olması üçün hər bir şərait, imkan, də fürsət var. Almaniyadan savayı, digər rəqiblərin hər biri ilə bərabər oynamağa cəhd göstərilməlidir. Bunun üçün mənəvi, psixoloji cəhətdən bir az böyümək, irəli getmək, özünə inanmaq da lazımdır. Əlbəttə, qeyd edilənlər yalnız məşqçi korpusunun taktiki və strateji vəzifələri doğru müəyyən etdiyi halda mümkündür. Hərçənd Prosineçkinin ilk dövrlərdəki tempi və ritmi ilə çalışdığını müşahidə etmirik. Bunun səbəbləri hələlik aktual deyil. Gözləyək, bəlkə bu dəfə bu keçid dövrünə xas ab-havanın təsirləridir.

P.S. 2018-ci ildə Rusiyada təşkil ediləcək XXI Dünya kubokunun seçmə mərhələsində Avropanın 52 milli komandası 9 qrupa (7 qrupda - 6, 2 qrupda isə 5 komanda) bölünməklə mübarizə aparır. Hər qrup qalibi mundialın final mərhələsinə birbaşa vəsiqə əldə edəcək. 2-ci yerləri tutmuş 9 komandadan 8 ən yaxşısı 4 cütə bölünərək, evdə-səfərdə prinsipi ilə pley-offda mübarizə aparacaq. Hər cütün qalibi daha 4 vəsiqənin sahibini aşkar edəcək.

Xəbər 1448 dəfə oxundu.