Azərbaycan şahmatçısı Nərgiz Umudova: Tamaşaçı dəstəyi bizə əlavə güc verir
Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasının ilk turunda qadınlardan ibarət ikinci yığma komandamız Yaponiya millisi ilə qarşılaşıb. Şahmatçılarımızdan ilk olaraq dördüncü lövhədə mübarizə aparan Nərgiz Umudova partiyasını başa vurub. Təcrübəli şahmatçımız Misaki Şibatanı məğlub edib.

Partiyadan sonra keçirilən mətbuat konfransında Nərgiz Umudova tamaşaçıların dəstəyini xüsusi qeyd edərək deyib: Şahmatda doğma divarlar arasında oynamaq çətindir. Təzyiq olur. Amma bizim üçün belə deyil. Tamaşaçıların dəstəyi bizə əlavə güc verir. Üzərimizdə hər hansı təzyiq hiss etmirik. Ailə üzvlərimiz, dostlarımız bizi dəstəkləyirlər. İnanıram ki, qələbə bizim olacaq.

Təcrübəli şahmatçı dövlətimizin başçısı İlham Əliyevin şahmatçılarımız ilə görüşündən aldığı təəssürat barədə sualı belə cavablandırıb: “Açılışdan əvvəl Azərbaycan Prezidenti bizi qəbul etdi. Bu, qürurvericidir. Dünya praktikasında belə hala az-az rast gəlinir. Çox nadir ölkələrdə idmana dövlət səviyyəsində bu cür qayğı göstərilir. Bu isə gənclərin şahmatla məşğul olmasına stimul verir”.

Xəbər 998 dəfə oxundu.