Elman Rüstəmov: Azərbaycan yığması Olimpiadanın ən dəbli, ən gözəl komandasıdı
Bu gün Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasına həsr olunmuş mətbuat konfransı keçirilib. Tədbiri giriş sözü ilə Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinin rəhbəri Sənan Şəfizadə açıq elan edib. Şəfizadə sentyabrın 2-də start götürəcək olimpiadanın iştirakçıları haqda qısa məlumat verib.

Ardınca söz Gənclər və İdman naziri Azad Rəhimova verilib. Nazir 42-ci Şahmat Olimpiadasında həm kişilərdən, həm də qızlardan ibarət milli komandamıza ümidlər böyük olduğunu, idmançılarımıza inandıqlarını bildirib.

Azad Rəhimov bu yarışın ölkəmizdə keçirilməsini çox müsbət hal kimi dəyərləndirib: “Şahmat olimpiadasının Bakıda keçirilməsi çox müsbət haldır. Buna qədər bir neçə olimpiadada iştirak etmişəm. Düşünürəm ki, Bakıda keçiriləcək olimpiada təşkilinə görə bütün yarışları üstələyəcək. Olimpiadanın ölkəmizdə keçirilməsini çox yüksək qiymətləndirirəm. Şahmat yüksək intellektli idmançıların mübarizəsidir. Son illər Azərbaycan idmanındakı inkişaf göz önündədir. Burada şahmatın da xüsusi yeri var”.

Daha sonra söz Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmova verilib: “Gözlədiyimiz gün gəlib çatdı. Olimpiadanın startına çox az qalıb. Təşkilat Komitəsinə təşəkkürümü bildirirəm. Yarışın yüksək səviyyədə keçməsi üçün böyük iş görülüb. Bu işin nəticəsinə uyğun olaraq əminliklə deyə bilərik ki, Azərbaycan şahmat olimpiadasına tam hazırdı”. Elman Rüstəmov Bakıda keçiriləcək olimpiadanın ölkə başçısı İlham Əliyevin nəzarəti altında olduğunu vurğulayıb: “Şahmat Olimpiadası ölkəmizdə cənab prezident İlham Əliyevin təşəbbüsü, nəzarəti altında keçirilir. Azərbaycan şahmatda öz imzası olan ölkələrdəndir. Bunun üçün uzun yol qət edilib. Son illər ölkəmizdə bir çox vacib turnirlər keçirilib. Bu yarışlarda kifayət qədər təcrübə toplanıb. Şahmat olimpiadası bu idman növündə yarışların zirvəsidir. Bu turniri ən yaxşı şəkildə təşkil edəcəyimizə inanırıq”.

Elman Rüstəmov olimpiadada çıxış edəcək komandalarımızdan uğurlu nəticə gözlədiklərini vurğulayıb: “Komandalarımızın buna qədər qazandıqları nəticələr hər kəsə məlumdur. Kişilərdən ibarət komandamız 2 dəfə Avropa çempionu olub, qadınlarımızın da nailiyyətləri var. Bu dəfə də yaxşı nəticələrə ümid edirik. Doğma divarlar da şahmatçılarımıza kömək etməlidir. Komandalarımızın planları olimpiadaya uyğun qurulub. İdmançıların məişət problemləri həll olunub. Hazırlıq yüksək səviyyədə təşkil edilib. Təlim-məşq toplanışları üçün xaricdən əcnəbilər dəvət olunub. İnanırıq ki, bütün bunların bəhrəsini görəcəyik. Şahmatda reytinq, fərdi ustalıq vacibdir. Amma komanda ruhu da mühüm əhəmiyət kəsb edir. Azərbaycan yığması turnirin ən dəbli, ən gözəl komandasıdır. Bu, artıq görünür. Komandamızdan potensialımıza uyğun nəticə gözləyirik. Konkret neçənci yeri hədəflədiyimizi deyə bilmərik. Şahmatçılarımızın uğur qazanılması üçün nazirlik, federasiya lazım olan hər şeyi edib. İdmançılarımıza uğurlar arzulayırıq”.

Xəbər 720 dəfə oxundu.