“Qarabağ” klubu Çexiyanın “Slovan” komandasını “Dalğa Arena”da qəbul edəcək
“Qarabağ” futbol klubu UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turunda “Slovan” komandasını (Liberets, Çexiya) Bakının Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”da qəbul edəcək.

Bu barədə klubun direktoru Əmrah Çəlikəl məlumat verib.

Ə.Çəlikəl stadion seçimi barədə UEFA-nı da məlumatlandıracaqlarını və təsdiq cavabı alacaqları təqdirdə “Slovan” komandasını “Dalğa Arena”da qəbul edəcəklərini bildirib. “Qarabağ” komandasının digər ev oyunlarını da Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəklərini bildirən klub rəsmisi deyib: “Hazırda Respublika stadionunda ot örtüyünün təmirinə başlanılıb. Düşünürəm ki, ikinci oyuna qədər öz stadionumuz hazır vəziyyətə gələcək və oyunlarımızı orada keçirəcəyik”.

“Qarabağ”-“Slovan” oyunu sentyabrın 15-də keçiriləcək. Ağdamlılar oktyabrın 20-də Yunanıstanın PAOK, dekabrın 8-də isə İtaliyanın “Fiorentina” komandalarını qəbul edəcəklər.

Xəbər 1044 dəfə oxundu.