Natavan Afşar: «Qələbə öz əlimizdə idi»
Dünən qadınlar arasında Çellenc kubokunun 1/4 final mərhələsinin ilk matçında səfərdə Rusiyanın “Omiçka” klubu ilə görüşən “Bakı”, qələbəni son anda əldən verib. Komandamızın aparıcı voleybolçusu Natavan Afşar «İdman» qəzetinə və idman.com.az saytına verdiyi açıqlamada deyib ki, onlar yüksək oyun nümayiş etdiriblər.

Sadəcə, vacib məqamda fürsəti fövtə veriblər. Sitat: «Çox yaxşı mübarizə apardıq. Görüşün taleyi öz əlimizdə idi. 4-cü setdə hesab 21:18 xeyrimizə olarkən, imkanı əldən verdik. Halbuki udsaydıq, evə rahat dönəcəkdik».

Milli komandamızın toppaylayıcı oyunçusunun sözünə görə, rəqib hündürboylu voleybolçulardan təşkil olunmuşdu. Bu üzdən, onlara qarşı mübarizədə çətinlik çəkiblər: ««Omiçka» dəqiq blokların sayəsində qalib gəldi. Onlar ucaboylu idilər. Buna baxmayaraq, rəqibdən çəkinmədik.

3-cü hissədə meydançaya daxil oldum. Hesab 24:24 idi. O seti qazandıq. Artıq bu məğlubiyyəti unutmuşuq. Bakıda cavab matçında qalib gəlmək şansımız çoxdur. Qalib gələcəyimizə inanıram».
Qeyd edək ki, “Omiçka” evdə “Bakı”nı həlledci mərhələdə üstüləyib - 3:2 (25:20, 25:27, 27:29, 25:22, 15:11)

KAMRAN

Xəbər 1335 dəfə oxundu.