Kəpəz yığma komandamızla qarşılaşacaq
Premyer Liqanın 3-cü turunda “İnter”lə oyundan sonra 5 günlük istirahətə buraxılan “Kəpəz” artıq məşqləri bərpa edib. Komanda Bakıda hazırlaşır.

İki həftəyə bölünən hazırlığın ilk mərhələsində futbolçular əsasən fiziki çalışmalar üzərində işləyəcəklər. İkinci mərhələdə isə komanda taktiki-texniki hazırlığa üstünlük veriləcək.

Avqustun 25-dən məşqləri bərpa edən “Kəpəz”in heyətində zədəli futbolçu yoxdur. Komanda tam heyətlə hazırlıq keçir. Bir müddət öncə zədəli olan Azad Kərimov da tam sağalıb. Çempionatın AZAL və “İnter”lə oyunlarını kənardan izləyən gənc müdafiəçi ötən gündən kollektivə qoşulub.

Dünya çempionatının seçmə mərhələsinin oyunları səbəbindən Premyer Liqada yaranmış fasilə müddətində “Kəpəz” də yoxlama oyunu keçirəcək. Gəncə təmsilçisinin rəqibi artıq müəyyənləşib. “Sarı-göylər” Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da Bakıda Farer adaları komandası ilə qarşılaşmaya hazırlaşan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası ilə oynayacaq. Görüş avqustun 31-də keçiriləcək.

Xəbər 782 dəfə oxundu.