“Rio-2016”: Radik İsayev Azərbaycana ilk qızıl medal qazandırdı - YENİLƏNİB
Radik İsayev “Rio-2016” da Azərbaycanın hesabına ilk qızıl medal yazdırıb.

Finalda Niger idmançısı Abdulrazzak İssufuyə qarşı inamla döyüşən Radik İsayev rəqibinə böyük üstünlüklə qalib gəlib. Rəqibin başına zərbə endirməyə imkan tapan təmsilçimiz 3:0 hesabı ilə önə keçib. İkinci raund bu hesabla başa çatıb. İdmançımız Sonuncu raundda daha bir dəqiq zərbə ilə hesabına daha üç xal əlavə edib - 6:0. Nigerli idmançının gücü yalnız 2 xal qazanmağa yetib.

Beləliklə, final döyüşünü 6:2 hesabı ilə başa vuran dünya və Avropa çempionu Radik İsayev komandamızın medallarının sayını 15-ə çatdırıb. Hazırda hesabında 1 qızıl, 4 gümüş və 10 bürünc medal olan Azərbaycan ölkələrin sıralamasında 39-cu yerə yüksəlib.

Radik İsayevin final qarşılaşmasındakı rəqibi bəlli olub. Təmsilçimiz qızıl medal uğrunda döyüşdə Afrika oyunlarının qalibi Abdulrazak İssufu Alfaqa (Nigeriya) ilə qarşılaşacaq.

Son məlumata görə, Azərbaycan idmançısının final döyüşü Bakı vaxtı ilə saat 05:15-də başlayacaq.

Radik İsayev yarımfinal mərhələsində Mahama Ço (Böyük Britaniya) ilə döyüşdən də qalib ayrılaraq Olimpiya Oyunlarının finalına yüksəlib. Bununla da idmançımız ən az "Rio-2016"nın gümüş medalını təmin edib.

Azərbaycan taekvondoçusu Radik İsayev dörddəbir final mərhələsində gərgin keçən görüşdə Cənubi Koreya idmançısı, Pekin Olimpiadasının qızıl medalçısı Ça Donqmini 12:8 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlayıb. Təmsilçimiz yarımfinalda Sajjad Mardani (İran) – Mahama Ço (Böyük Britaniya) qarşılaşmasının qalibi ilə döyüşəcək. Görüş Bakı vaxtı ilə saat 00:45-də başlayacaq.

Taekvondoçumuzun dörddəbir final mərhələsindəki rəqibi müəyyənləşib. Radik İsayev bu mərhələdə Cənubi Koreya idmançısı Pekin Olimpiadasının qalibi Ça Donqminlə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Rio-de-Janeyrodakı XXXI Yay Olimpiya Oyunlarındakı taekvondo yarışlarında mübarizəyə qoşulan Azərbaycan idmançısı, “Bakı-2015”in qalibi, dünya və Avropa çempionu Radik İsayevin ilk çıxışı uğurlu olub.

Turnirdə 80 kiloqramdan yuxarı çəki dərəcəsində kişilərin mübarizəsində yarışan taekvondoçumuz Radik İsayev səkkizdəbir final mərhələsindəki ilk görüşündə qazaxıstanlı Ruslan Japarovla qarşılaşıb.

Qazaxıstanlı idmançı ilə döyüşdə rəqibini 11:2 hesabı ilə məğlub edən milli komandamızın üzvü R.İsayev dörddəbir final mərhələsinə adlayıb.

Qeyd edək ki, “Rio-2016”dakı taekvondo yarışlarının üçüncü günündə qadınlar arasında 67 və kişilər arasında 80 kiloqramdan yuxarı çəki dərəcələrində qaliblər müəyyənləşəcək.

Fotolar Dilavər Nəcəfovundur


Xəbər 2430 dəfə oxundu.