Taekvondoçumuz Milad Beigi Harçeqani “Rio-2016”nın bürünc medalını qazanıb - YENİLƏNİB
Avropa çempionumuz Milad Beigi Harçeqani bürünc medal uğrunda döyüşdə polşalı Pyotr Pazinski üzrində inamlı (12:0) qələbə qazanaraq “Rio-2016”nın bürünc medalına sahib olub.

Avropa çempionumuz Milad Beigi Harçeqaninin bürünc medal uğrunda rəqibləri müəyyənləşib. Azərbaycan taekvondoçusu sonuncu döyüşünü Avropa çempionatının bürünc medalçısı, polşalı Pyotr Pazinski-dünya çempionatının bürünc mükafatçısı Tahir Gulec qarşılaşmasının qalibi ilə keçirəcək.

Yarımfinal mərhələsində “Bakı-2015”in və “London-2012”nin bürünc medalçısı britaniyalı Lutalo Muhammada (7:12) məğlub olan təmsilçimiz Milad Beigi Harçeqani bürünc medal uğrunda mübarizə aparacaq. Görüş saat 04:15-də keçiriləcək.

Milad finala çıxmaq üçün böyük britaniyalı Lutalo Muhammed ilə mübarizə aparıb. Bu görüş təmsilçimizin məğlubiyyəti ilə yekunlaşıb.

Milad Beigi Harçeqani dörddəbir finalda iranlı Mehdi Xodabaxşi ilə görüşüb. Bu qarşılaşmada təmsilçimiz 17:5 hesablı qələbə ilə adını yarımfinala yazdırıb.

Rio-de-Janeyrodakı XXXI Yay Olimpiya Oyunlarının on dördüncü günündə - avqustun 19-da taekvondo yarışlarında mübarizəyə qoşulan Azərbaycan idmançısı, dünya kubokunun sahibi, “Bakı-2015”in qalibi və son Avropa çempionu Milad Beigi Harçeqaninin dayanq üzərində ilk çıxışı uğurlu olub.

Turnirdə 80 kiloqram çəki dərəcəsində kişilərin mübarizəsində yarışan taekvondoçumuz Milad Beigi Harçeqani səkkizdəbir final mərhələsindəki ilk görüşündə Mali idmançısı İsmael Kulibali ilə qarşılaşıb. Son iki dünya çempionatının mükafatçısı olan afrikalı idmançı ilə döyüşdə rəqibini 13:6 hesabı ilə məğlub edən təmsilçimiz dörddəbir final mərhələsinə yüksəlib.

M.B.Harçeqani “Rio-2016”ya lisenziyanı cari ilin yanvarında İstanbulda keçirilmiş Avropa Olimpiya təsnifat turnirində qazanmışdı.

Qeyd edək ki, 64 ölkədən 128 idmançının qatıldığı “Rio-2016”dakı taekvondo yarışlarının ikinci günündə qadınlar arasında 67 və kişilər arasında 80 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşəcək.

Xəbər 1016 dəfə oxundu.