Valentin Demyanenko: Olimpiadada medal qazanmaq inanılmaz hisslər oyadır - MÜSAHİBƏ
“Rio-2016”da birnəfərlik kanoe qayığında 200 metr məsafədə gümüş medal qazanan Azərbaycan idmançısı Valentin Demyanenko ilk təəssüratlarını “İdman” qəzetinə bölüşüb:

- Valentin, səni təbrik edirik. Hansı hissləri keçirirsən?

- Olimpiadada medal qazanmaq inanılmaz hisslər oyadır. Gərgin yürüş oldu. Rəqiblər çox güclü idi. Elə alındı ki, ikinci oldum.

- Ümumiyyətlə, özün hansı nəticəni gözləyirdin?

- Olimpiadaya gələn hər bir idmançı qızıl medal arzulayır. 2-ci, 3-cü, 4-cü olmaq istəyən yoxdur.

- Ancaq konkret rəqiblərin siyahısına baxanda idmançı düşünür ki hansı yeri tuta bilər.

- Hər kəs öz gücünü bilir və öz gücünə inanır. Buradakılar da öz güclərinə inanan idmançılardır.

- Nəticə elə alındı ki, Azərbaycanın Rioda 10-cu medalını sən qazandın. Bizim oxuculara nə deyə bilərsən?

- İdmanla məşğul olun. İdman həmişə irəli aparır, sağlamlıqdır. Digər yandan da idman nizam-intizamdır, insanı məsuliyyətə öyrədir.

- Sən bir çox mötəbər yarışlarda iştirak etmisən. İndi nə hiss edirsən? Fiziki hazlr idinmi?

- 100 faiz hazır idim.

- Nəzərə alsaq ki, ötən olimpiadada medal olmadı, indi gümüş medal əla nəticədir.

- Mənim üçün deyil. 15 yaşımdan, həyatımın yarısını bu idmanla məşğul oluram.

- Ümid edirik, Tokioda qızıl medal olacaq.

- Tokioda 200 metrlik yarışı ləğv edirlər. Başqasına keçmək lazım gələcək.

- Evə dönəndə birinci nə etmək istəyirsən?

- İlk növbədə atamın anamın yanına gedib sevincimi onlarla bölüşmək istəyirəm.

Söhbətləşdi: Qabil Mehdiyev

Rio de Janeyro

Xəbər 2283 dəfə oxundu.