Yuliya Ratkeviç: Hesab 3:0 olanda, fənd tətbiq etməli idim - MÜSAHİBƏ
Rio de Janeyeroda keçirilən Yay olimpiya oyunlarında qadın güləşçilər mübarizəyə başlayıblar. Tunisli Mərvə Əmri ilə bürünc medal uğrunda görüşdə hesabda öndə olan Yuliya Ratkeviç son saniyələrdə iki xallıq fəndə düşərək, qələbəni əldən verdi. Qadın pəhləvanımız mübarizə başa çatdıqdan dərhal sonra, təəssüf doğuran məğlubiyyətə rəğmən, özündə alqışa layiq cəsarət tapıb, suallarımızı cavablandırmaqdan çəkinmədi.

- Hər şey yaxşı gedirdi. Son anlarda nə baş verdi?


- Bu görüşdə böyük üstünlüklə qalib gələ bilərdim. Bu an özüm də anlaya bilmirəm.

- Mariya Stadnik də son saniyələrdə qızıl medalı əldən verdi.

- Bəli, elə oldu. Axı, necə ola bilər ki, qalib gələ-gələ, uduzasan. (Kövrək səslə) Medalı ona lap hədiyyə etdim.

- Gəl bir az soyuq başla təhlil edək. Yaponiyalı Kaori İçoya məğlub olmağını anlamaq olar: onun təkcə titullarının sayı hər şeyi deyir. Bu son görüşdə nə baş verdi? Yorulmuşdun, yoxsa birdən başqa nəsə baş verdi?

- Elə bil, nə etmək lazım olduğunu anlamadım. Belə baxsaq, hərəkət etmək lazım idi – onu da edirdim. Bəlkə də daha fəal olmalıydım və hücum etməli idim. Bəli, hesab 3:0 olanda, yəqin, hücum etməli, daha iki xallıq fəndlə hesabı 5:0-a çatdırmalı idim.

Xəbər 804 dəfə oxundu.