Rəsul Çunayev: Çempion olmağı hamıdan çox istərdim
Rioda Olimpiya oyunlarının bürünc medalını qazanan güləşçimiz Rəsul Çunayev son görüşündən dərhal sonra idman.com.az-a müsahibə verdi:

- Rəsul, təbrik edirik, Olimpiya oyunlarının medalını qazandın. Riodakı çıxışın barədə nə deyə bilərsən?

- Qızıl medal üçün gəlmişdim buraya. Təəssüflər olsun ki, alınmadı. Məni dəstəkləyənlərin hamısına böyük minnətdarlığımı bildirirəm. Çempion olmağı hamıdan çox istədim, ancaq qızıl medal qismət olmadı mənə. Bununla belə, bürünc medalı əldən vermədim və Vətənə medalla dönəcəm.

- Finala çıxa bilməməyinə səbəb nə oldu?

- Mən çoxdandır 66 kq çəki dərəcəsində çıxış etmirdim. Olimpiadaya düşmək üçün bir çəki aşağı düşməli oldum. Əlbəttə ki, çəki salmağım böyük rol oynadı. Püşküm çətin düşmüşdü. Tanıdığım rəqiblər idi, olimpiya çempionu var idi, koreya idmançısı dünya çempionu idi. Yarımfinalda səhvə yol verdim. Çempion olmaq üçün gərək güclüyə qalib gələsən.

- İnşallah. Tokioda çempion olarsan.

- Tək Tokioda deyil. Ona hələ çox var. Ona qədər çox yarış var. Mən işimi hər çıxdığım yarışda göstərməyə çalışıram. Qarşıda gələn bütün yarışlarda da çalışacağam ki, Azərbaycanın bayrağını ən yüksək zirvələrdə dalğalandırım.

Söhbətləşdi: Qabil Mehdiyev
Rio de Janeyro


Fotolar Dilavər Necefovundur

Xəbər 729 dəfə oxundu.