“Tokio-2020”də Olimpiya kəndi ekoloji cəhətdən zərərsiz olacaq
2020-ci ildə növbəti – XXXII Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək Yaponiyada yarışların təşkili zamanı ekoloji baxımdan zərərsiz infrastrukturun yaradılması üçün artıq önəmli tədbirlər həyata keçirilir. Belə ki, Yaponiyada “mottainai!”, yəni “israf etmə!” prinsipinə uyğun olaraq, Tokioda yarışlar ərəfəsində robot maşınlardan, holoqrafik ekranlardan və sürücüsüz taksilərdən istifadə olunacaq.

İdman komplekslərinin ətrafında hidrogenlə çalışan avtomobillərin və hidrogen satan yanacaqdoldurma məntəqələrinin sayının artırılması nəzərdə tutulub. Yarışların təşkilat komitəsinin sözçüsü Hikariko Ono bildirib ki, Oyunlar başa çatdıqdan sonra kəndin qurulduğu ərazi ekoloji baxımdan zərərsiz və yaşayış üçün yararlı bölgə kimi istifadə olunacaq.

Yarışları izləmək üçün Tokioya gələcək turistlərin bioyanacaqla təmin olunmuş təyyarələrdə səfər etməsi də planlaşdırılır. Artıq bir neçə hava yolu şirkəti bu cür yanacaqlarla uçuşları sınaqdan keçirib. Yaponiya hökuməti bioyanacaqların əldə edilməsi üçün lazım olan bitkilərin yetişidirilməsinə görə böyük ərazilərdə plantasiyalar yaratmağı da nəzərdə tutub.

Sürücüsüz taksilər isə məhz yarışlar başlayan ərəfədə təqdim olunacaq. Eyni zamanda, “Mitsubishi Electric” tərəfindən hazırlanmış yeni texnologiya vasitəsilə ətrafında dövrə vuraraq 3D formatında canlı təsvirlər görmək imkanı təqdim edən holoqrafik ekranlar yarışlar zamanı istifadəyə veriləcək.

Xəbər 731 dəfə oxundu.