“Rio-2016”: ABŞ medal sıralamasında liderliyini davam etdirir
Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında on bir günlük gərgin idman mübarizəsindən sonra 76 ölkənin atletləri medallara sahib ola biliblər.

Aktivində iki gümüş və dörd bürünc medal olan yığma komandamız bu göstərici ilə 54-cü sırada qərarlaşıb. Yarışın üçüncü günündə cüdo yarışlarında Rüstəm Orucov (73 kq), altıncı günündə isə Elmar Qasımov (100 kq) Azərbaycana gümüş medal qazandırıblar. “Rio-2016”nın onuncu günündə boksçumuz Kamran Şahsuvarlı (75 kq) yarımfinala vəsiqə qazanaraq ən az yarışın bürünc medalını təmin edib. Yunan-Roma güləşi yarışlarında çıxış edən Sabah Şəriəti (130 kq) və Rəsul Çunayev (66 kq) bürünc medala sahib olublar. İnna Osipenko-Radomskaya isə bir nəfərlik kayak qayığı ilə 200 metr məsafəyə yürüşdə üçüncü olub.

Hazırda Olimpiadaya hesabında 28 qızıl, 28 gümüş və 28 bürünc medal olan ABŞ liderlik edir. Böyük Britaniya 19 qızıl, 19 gümüş, 12 bürünc medalla ikinci, Çin 17 qızıl, 15 gümüş və 19 bürünc medalla üçüncü pillədə qərarlaşıb.

İlk onluğu Rusiya (12-12-14), Almaniya (11-8-7), İtaliya (8-9-6), Niderland (8-3-3), Fransa (7-11-11), Avstraliya (7-8-9) və Yaponiya (7-4-18) tamamlayır.

Xəbər 823 dəfə oxundu.