İnna Osipenko-Radomskaya: Fəxri kürsüyə qalxmaq unudulmaz hissdir
Qadınlar arasında bir nəfərlik kayakda 200 metr məsafəyə yarışda olimpiya bürüncünü qazanan Azərbaycan idmançısı İnna Osipenko-Radomskaya uğurunun ilk təəssüratlarını idman.com.az-la bölüşüb:

- İnna, səni təbrik edirik. Olimpiya bürüncünü qazanandan sonra hansı hissləri keçirirsən?

- Ən yüksək hisslərdir. Axı, bu olimpiadadır. Bu startlara illərlə hazırlaşırıq. Bu hissləri çatdırmaqda çətinlik çəkirəm. Bu 40 saniyənin dəyəri böyükdür. Onun arxasında çox işlər, minlərlə kilometrlər, alın təri, əziyyət, zədələr durur.

- Nəticədən razısan, ya daha böyük uğur gözləyirdin?

- Nəticədən razıyam. 200 metr qısa məsafədir. Startla finişin arasında bir şey yoxdur. Burada bəxt böyük rol oynayır. Qarşıda isə hələ 500 metrə yarışım da var. Olimpiadada medalın fərqi yoxdur. Fəxri kürsüdə bizim hamımız qalibik. İdmanla milyonlar məşğul olur, ancaq olimpiadaya çox az adam düşür. Bunun özü elə bir zirvədir. Fəxri kürsüyə qalxmaq isə, ümumiyyətlə, unudulmaz bir hissdir.

- 500 metrdən gözləntilərin daha böyükdür?

- Bilmirəm. Bu, Allahın əlindədir. Mən isə çalışıram, starta çıxıram, finişə çatıram.

- Bu idman növündə ilk medalımızı gətirdin. Bundan sonra yarışacaq idmançılara nə demək istərdin, nə arzulayardın?

- Heç vaxt təslim olmasınlar, həmişə irəli getsinlər, çalışsınlar. İnsan zəhmətinin bəhrəsini görür. Sonadək mübarizə aparsınlar və hər şey yaxşı olacaq.

Söhbətləşdi: Qabil Mehdiyev
Rio de Janeyro


Foto Dilavər Nəcəfovundur

Xəbər 789 dəfə oxundu.