Kəpəz növbəti oyuna iki itki ilə hazırlaşır
Azərbaycan Premyer Liqasının 3-cü turunda Bakıda “İnter”in qonağı olacaq “Kəpəz” dünəndən bu matçın hazırlığına start verib. Bir günlük istirahətdən sonra Bakıda bir araya gələn “sarı-göylər”in məşq planına əsasən, bu gün və sabahkı çalışmalar “Dalğa Arena”nın süni örtüklü meydançasında olacaq.

“Kəpəz”in son məşqi isə oyuna ev sahibliyi edəcək “İnter Arena”da keçiriləcək. Komanda avqustun 18-də saat 17:30-da adı çəkilən stadionda məşqə çıxacaq.

AZAL-la Gəncədə keçirilən oyundan öncəki məşqdə zədələnən Azad Kərimov “Kəpəz”in hazırlığında iştirak edə bilmir. Baldır ayaq oynağı, eyni zamanda vətər və bağları dartılan gənc müdafiəçi bu üzdən komandadan kənarda qalıb. Azadın müalicəsi davam etdirilir.

“Sarı-göylər”in daha bir üzvü Renan da Silva Alves də zədələnib. Futbolçu AZAL-la oyunda sıradan çıxıb. Kərimovla müqayisədə braziliyalının zədəsi ciddi deyil.

Xəbər 709 dəfə oxundu.