Kamran Şahsuvarlı: Çalışacam Vətənə olimpiya çempionu kimi dönüm
Bü gün ən azı bürünc medalı özünə təmin edən Kamran Şahsuvarlı ürək sözlərini idman.com.az saytı ilə bölüşüb:

- Kamran, səni təbrik edirik. Demək olar ki, ən azından bürünc medalı özünə təmin etdin və Rioda boksda ilk medal qazanan idmançımız sən oldun. Yarış barədə nə deyə bilərsən?

- Çox həyəcanlı idim. Özümə elə də inanmırdım. Rəqibə görə yox, inanmırdın ki, bu dərəcəyə qədər çata bilərəm. Çox şadam ki, valideynlərimin, mənə inanan hər kəsin etimadını doğrultdum.

- Olimpiadaya lisenziyanı son anda və çətinliklə qazanmışdın. Ona görə də əsas medal ümidləri sırasında deyildin. Ancaq sən bunun əksinə olaraq, sübut etdin ki, olimpiya oyunlarında hər şey rinqdə həll olunur.

- Bəlkə də o, kömək etdi ki, məndən medal gözləntiləri o qədər də yüksək deyildi və bu səbəbdən də təzyiq atında deyildim, sərbəst idim. Düşünürdüm ki, nəyi bacarıram rinqə çıxıb onu edəcəyəm.

- Döyüşdə birinci raundda sən açıq-aydın üstün idin. İkinci raundda rəqib bir qədər üstələdi. Sonradan sən üstünlüyü yenidən ələ aldın. Həmin anda – rəqib səni üstələyəndə nə düşünürdün?

- Birinci raunddan sonra gördüm ki, qalib gələ bilərəm. Şansı əldən buraxmaq olmaz. Artıq ritmi tutmuşdum, həmin ritmlə də döyüşdüm.

- Artıq ən azı bürünc medal sənindir və sən bu bürüncü qızıla da çevirə bilərsən.

- İnşallah çalışacam daha böyük uğur qazanım və Vətənə olimpiya çempionu kimi dönüm.

- İnşallah boksda ilk oıimpiya çempionumuz kimi adını tarixə yazdırasan. Sənə uğurlar.

Söhbətləşdi: Qabil Mehdiyev
Rio de Janeyro

Foto Dilavər Nəcəfovundur

Xəbər 970 dəfə oxundu.