“Zirə” klubu mövsümdə ilk qələbəsini qazanıb
Avqustun 14-də Azərbaycan Premyer Liqasında ikinci tura yekun vurulub.

Turun paytaxt derbisi Masazırda oynanılıb.

Əslində, “Neftçi” ilə “Zirə” “Bakcell Arena”da üzləşməli olsalar da, həmin stadion təmirə bağlandığından oyunun “Əlincə” stadionuna keçirilib. “Neftçi” ötən çempionatda yüksək liqada debüt edən “Zirə” ilə keçirdiyi dörd oyunda qalib gələ bilməyib. Mövsümün açılış turunda öz meydanında “Sumqayıt”a məğlub olan Adil Şükürovun komandası “Neftçi” ilə görüşdən isə qalibiyyətlə ayrılıb. Qonaqların heyətində Vüqar Mustafayevin 43-cü dəqiqədə vurduğu zərbə Məqsəd İsayevin ayağına dəyərək istiqamətini dəyişib. “Zirə” avtoqol sayəsində hesabı açıb -0:1. Matçın qalan dəqiqələrində qapılara qol vurulmayıb.

Beləliklə, iki turdan sonra “Neftçi” və “Zirə”nin aktivində hərəyə üç xalı var. Hazırda hər iki oyunda məğlubiyyət görməyən “Qəbələ” və “İnter” klubları turnir cədvəlində ilk pillələri bölüşürlər.

Xəbər 678 dəfə oxundu.