Nəriman Abdullayev: Hakimlərin qərarını anlamaq olmadı
XXI Yay Olimpiya Oyunlarının boks yarışlarında komandamızın ən böyük ümidlərindən biri olan superağır çəkili (+91 kq) Məhəmmədrəsul Məcidov talesizlik yaşayaraq zədə üzündən mübarizəni dayandırdı. Karyerası ərzində iki dəfə zədə üzündən mübarizəni yarımçıq dayandırmaq məcburiyyətində qalmış Məhəmmədrəsul, idmansevərlərin xatirində olar, Bakıda keçirilən ilk Avropa Oyunlarında da zədə üzündən bürünc medalla kifayətlənməli olmuşdu.

Rinqdə baş verənləri komandamızın məşqçisi Nəriman Abdullayevlə söhbətdə aydınlaşdırmağa çalışdıq:

- Nəriman müəllim, vəziyyəti necə qiymətləndirirsiniz, rinqdə nə baş verdi?

- Sadəcə olaraq, Məhəmmədrəsulun gözünün içindən qan gəlirdi. Ona görə də mübarizə dayandırıldı.

- Hakimlərin qərarını necə şərh edərdiniz?

- Özünüz də əyani şəkildə gördünüz ki, birinci raundda bizim idmançı qalib gəlmişdi. Hakimlərin qələbəni nə üçün rəqibə verdiklərini anlamaq olmur.

- Biz də elə belə düşünürük, döyüş, belə desək, tərtəmiz idmançımızın qələbəsi ilə davam edirdi, rəqib isə ancaq müdafiə olunurdu.

- Hakimlərin fikrinə görə, həmin ana qədər qazaxıstanlı idmançı idi. Bu görüşə baxan hər kəs obyektiv olsa, hər bir ciddi mütəxəssis də təsdiqləyə bilər ki, Məhəmmədrəsul zədə anına qədər daha fəal və zərbələri daha dəqiq idi.

- Həmin anda Məhəmmədrəsulun hansısa ehtiyatsızlığından söhbət gedə bilməzdi.

- Bu döyüş epizodudur. Boksçu həm irəli atılır, həm də müdafiə olunur. Zədəyə bəxtsizlik demək olar. Qeyd etdiyimiz kimi, onun qaydalarda təfsiri də var. Mübahisə və müzakirə mövzusu hakimlərin qiyməti ola bilər.

- Döyüşün davam etdirilməsi variantları var idimi?

- Xeyr, onun gözündən qan gəlirdi və döyüş həqiqətən də dayandırılmalı idi.

- Amma, zənnim məni yanıltmırsa, Məhəmmədrəsul döyüşmək istəyirdi.

- Bəli, o döyüşmək istəyirdi. Lakin qaydalar belə tələb edir və görüş haqlı olaraq dayandırıldı.

- Fürsət düşmüşkən, boksçularımızın Riodakı çıxışlarını necə qiymətləndirərdiniz?


- Əgər yarışı tərk edənlərdən bəhs etsək, həm Cavid Çələbiyev, həm də Pərviz Bağırov çox yaxşı döyüşçüdülər, rəqiblərindən heç nədə geri qalmırdılar. Lakin hakim qərarları belə oldu. Onların məğlubiyyətini təhlil etmək lazımdır.

- Kamranın çıxışı əsl sürprizdir.

- Onu bu yarışın kəşfi də adlandırmaq olar. Kamran ilk dəfədir belə bir mötəbər yarışda qüvvəsini sınayır. Təbii ki, olimpiya rinqinə də ilk dəfədir çıxır. Amma qeyd şərtsiz ona da güvənirdik. Sadəcə, birinci görüşdə qalib gələndən sonra özünə inamı artdı. İndi ümidlərimizin əbəs olmadığını bir daha söyləyə bilərik.

- Hələ rinqdə yenə ümidlərimiz var. Teymurla Elvin yarışdadırlar.

- Bəli, hər iki idmançımıza ümidlər əvvəldən də böyükdür. Teymurda, Elvin də Rioya qədər çox böyük yol keçiblər. Teymur Rionun özündə də çox gözəl döyüşlər keçirib və həqiqətən güclü olduğunu, bu yarışa da yaxşı hazırlıqlı gəldiyini təsdiq edib.

- Teymurun rəqibi haqda nə deyə bilərsiniz?

- Rəqiblər güclüdür. Olimpiya rinqində hədiyyə rəqib olmur. O, parlaq qələbələr qazanıb və inanıram ki, sözünü deyəcək.

- Elvin Məmişzadə hələ rinqə çıxmayıb və ilk görüşünə hazırlaşır.

- O buna qədər parlaq qələbələri olan komanda üzvlərimizdəndir. Özü də çox güclü rəqiblərinə qalib gəlib. Buna görə də o, rinqə əliboş çıxmayacaq və döyüş əzmində olacaq. Ümidvarıq ki, burada da sözünü deyəcək.

Qabil MEHDİYEV
Rio de Janeyro


Xəbər 837 dəfə oxundu.