Pavlyuxina: Rio olimpiadası gələcək uğurlara və öz gücümə inam yaratdı
Rio de Janeyroda ölkəmiz velosiped idmanı üzrə yarışlarda da olimpiya debütünü edib. Qadınların şose yürüşündə çıxış edən Yelena Pavlyuxina 35-ci yeri tutaraq, bu növ üzrə ilk tarixi nəticəmizi əldə etdi. Bundan sonra şose velosipedçilərimiz qarşıya məqsəd qoyanda məhz bu nəticəyə istinad edəcəklər. Yarışla bağlı Yelenanın fikirlərini öyrəndik:

- Çıxışını sən özün necə dəyərləndirirsən?

- Mənim üçün bu nəticə, qələbəyə bərabərdir. Çünki hər şeyi düz qiymətləndirib, taktiki səhvlərə yol vermədim. Bütün fiziki imkanlarımdan yetərincə istifadə edə və nəyə qadir olduğumu, məncə, göstərə bildim. Düşünürəm ki, böyük veloşose idmanında ən yaxşı startım məhz bu yarış oldu. Müqayisə etsək, inkişaf da göz qabağındadır.

- Əvvəl səni qabaqlayan rəqibləri indi sənin ötdüyün və ya əksinə oldumu?

- İndi qabaqladığım rəqiblərin əksəriyyəti əvvəl məndən öndə olurdular. Məsələn, apreldə də bir uğurlu yarışım olmuşdu. Onda yürüşdə qalib gəldim. Alyona Amialusik onda 3-cü olmuşdu, indi, o, 13-cü, mən isə 35-ci yerdə yarışı bitirdik. Deyim ki, prinsipcə, həmin yürüş mənim ilhamverici qüvvəm oldu. Təhlil edib gördüm ki, dünya veloidmanı liderlərindən heç də geri qalmaya, onlarla başabaş rəqabət apara, hətta qabaqlaya da bilərəm.

- Bəlkə də qəribə görünə bilər, amma bu sualı da vermək istərdim: qarşıda hələ dörd il var, amma növbəti olimpiada ilə bağlı nə düşünürsən?

- Elə mən də bu barədə düşünmüşəm. Açığı, bu olimpiadada mənim medal qazanmağa böyük istəyim, həvəsim var idi. Ancaq bu yürüş növbəti dörd il üçün hazırlığıma təkan olacaq. Nəyi və necə etməyi inddən planlaşdırmalıyam. Bircə onu deyə bilərəm ki, indi daha həvəslə, daha böyük istəklə və ən əsası, daha böyük inamla mübarizələrə qatılacağam. Gələn olimpiadada isə mütləq daha uğurlu çıxış etməyə çalışacağam.

Söhbətləşdi: Qabil Mehdiyev
Rio de Janeyro

Xəbər 803 dəfə oxundu.