İlham Mədətov: Şəhəri gəzmək istəyənləri tək buraxmırıq
Rio Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri İlham Mədətov komandamızın olimpiya kəndində yerləşməsi, təhlükəsizlik və digər məsələlərlə bağlı idman.com.az-a eksklüziv müsahibə verib:

- İlham müəllim, nümayəndə heyətinin rəhbəri kimi komandanın yerləşməsi, şəraiti barədə nə deyə bilərsiniz?

- İlk baxışda, olimpiya kəndində, demək olar, hər şey öz yerində, öz qaydasındadır. Bütün məsələlər, ortaya çıxan suallarla təşkilatçılar gündəlik məşğul olurlar. Təşkilat komitəsi, şəhərin müxtəlif əlaqədar qurumları bu işə cəlb ediliblər və sualların həlli yolunda hər gün, demək olar ki, müvafiq addımlar atılır. İyul ayının 22-dən buradayam. Ötən 15-16 gün ərzində hər gün müsbətə doğru addımlar olduğunu görürəm. Hesab edirəm, bu tədbirlərə bir az da əvvəl, deyək ki, daha 15 gün əvvəl başlamış olsaydılar, təbii ki, gələn komandalar yaxşı qarşılanar və ilk günlərdəki narazılıqlar olmazdı. Şükürlər olsun ki, bu gün işlər, qaydasındadır. Komandalarımızın qarşılanmasında, yerləşdirilməsində, ilk günlərdə olduğu kimi, ciddi problemlərlə üzləşmirik. İnanıram ki, get-gedə daha yaxşı olacaq. Hər gün bu məsələlərlə bağlı müzakirələr olur və biz də bu tədbirlərdə iştirak edirik.

- Əvvəlki olimpiadalarda da şef-demission olmusunuz. Müqayisə baxımından indiki olimpiya kəndində təşkilati məsələlərdə, hazırlıq prosesində, yaradılan şəraitdə fərqlər varmı?

- Ümumiyyətlə, olimpiya kəndlərinin hamısının şəraiti eyni olur. İdmançılar, məşqçilər, həkimlər üçün müvafiq şərait yaradılır. Ancaq burada, sadəcə olaraq, bu işlərin görülməsinə çox gec başlanılıb. Ona görə də ilk günlər hətta öz iş otaqlarımızın, yataq otaqlarımızın hazırlanmasına, demək olar ki, xeyli lazımsız əmək sərf etmişik. Ancaq əvvəlki olimpiadalarda – Londonda, Pekində bu məsələləri həll etmək üçün ciddi əmək sərf olunmurdu. Necə deyərlər, gəlib hazır otaqları qəbul edirdin. Sadəcə, müəyyən kiçik hazırlıq məsələləri ortaya çıxırdı və qısa müddətdə onları da tamamlamaq olurdu. Burada isə 10 gün müddətində işlərimizi qaydasına sala bilmişik. Bizim ilk nümayəndə heyəti gələndə, onları yerləşdirmək üçün cəmi 4-5 otaq hazırlaya bildik. Otaqların vəziyyəti, əsasən, heç bir tələbə cavab vermirdi.

- Ümumiyyətlə, əvvəlki olimpiadalarla müqayisə etdikdə, Rionun adı təhlükəli hadisələrlə bağlı mətbuatda daha çox hallanır. Bununla bağlı, həm də, ümumiyyətlə, kompleks təhlükəsizlik məsələləri ilə əlaqədar hər hansı müraciət olubmu. Bir sözlə, təhlükəsizliyə tam zəmanət varmı?

- Biz nümayəndə heyətinin bütün üzvlərinə kitabçalar paylamışıq, həmin kitabçalarda xəbərdarlıq etmişik. Rioda təhlükəsizlik məsələlərinin başqa şəhərlərdəki kimi olmadığını bildirmişik, Bundan başqa, hər bir idmançı ilə, məşqçi və komandanın digər üzvləri ilə ayrı-ayrılıqda söhbətimiz olub. İndi də şəhərə çıxmaq istəyənləri tək buraxmırıq. Mütləq onun yanında könüllülərdən kimsə olur və bizə iş üçün ayrılmış avtomobillərin imkanlarından istifadə edirik və onları şəhərə ancaq nəzarət altında göndəririk. Bizim nümayəndə heyətindən indiyə qədər heç kəsin şəhərə tək gedib-gəlməsi olmayıb.

- Komandanın geri qayıtmasına hələ xeyli vaxt var. Amma indidən bu da sizin qayğılarınız sırasındadır. Gələndə, komanda çarter reysi ilə gəldi, bir qrup sonradan gəlmişdi, lap əvvəldən gələnlər də var idi. Bəs qayıdanda necə, Riodan Bakıya bütün medalçılar bir yerdə yola salınacaq, yoxsa hissə-hissə gedəcəklər?

- Ümumiyyətlə, plan üzrə belə nəzərdə tutulub ki, yarışı başa çatdıran idmançılar Bakıya geri qaytarılır. Əvvəldən də onlara bilet alınıb. Amma elə idman növləri var ki, nəticəsi, idmançının neçə mərhələ keçəcəyi əvvəldən bilinmir, onların yarışların əvvəlindən sonuna qədər burada olması nəzərdə tutulurdu. Məsələn, boks komandasını nümunə göstərə bilərəm. Bildiyiniz kimi, bir boksçumuz yarışı başa vurub. Komandamızın belə üzvlərimizin sayı çoxaldıqca, məsələyə operativ qaydada baxılacaq. Çünki yarışları başa çatdıran idmançıların başqa idmançılarla bir yerdə qalması psixoloji aspektdən yaxşı hal sayılmır. Belə idmançıların sayı çoxalsa, geri qaytarmaqla bağlı qərar verəcəyik. Medal alanlar, yüksək nəticə göstərənlər barədə fərqli qərar ola bilər. Bu məsələlər, sadəcə, müzakirə olunur. Çünki konkret qərar üçün əsas yoxdur.

- İnşallah, ümid etmək olar ki, bütün medalçıların Bakıda bir yerdə qarşılanmasını təşkil etmək mümkün olacaq?

- Belə ehtimal var. Ancaq elə idmançılarımız var ki, deyək ki, Rüstəm Orucov, artıq çıxışını başa çatdırıb. Onların da komandası ayın 13-də Rionu tərk edəcək. İndi biz bir-iki günə qərar qəbul edəcəyik ki, biz onu saxlayaq, yoxsa cüdo komandası ilə Bakıya geri dönsün. Bu məsələlər, təbii ki, müzakirə olunmalıdır.

Söhbətləşdi: Qabil Mehdiyev
Rio de Janeyro







Xəbər 1735 dəfə oxundu.