“Fənərbağça” yalnız çempionluğu hədəfləyir
“Komandamız hər zaman çempionluq üçün oynayır. Məqsədimiz dəyişməzdir. Lakin bu, idmandır, hər cür nəticə qeydə alına bilər”. İdman.com.az saytının məlumatına görə, bunu Türkiyənin “Fənərbağça” klubunun İdarə Heyətinin üzvü Hakan Dinçay deyib. O, fevralın 23-də qadın voleybolçular arasında Avropa Çempionlar Liqasının 1/4 final mərhələsində “sarı-lacivərdlilər”in “Rabitə” ilə oyununa münasibət bildirib.
Dinçayın sözünə görə, son 2 mövsümdə “Dördlər finalı”na yüksələn “Fənərbağça” yalnız çempionluğu hədəfləyir: “Bütün şöbələrimiz Avropada finallar üçün oynayır. Bu da bizi qürurlandırır. Voleybol şöbəsi olaraq, qadınlardan ibarət komandamızın ən böyük hədəfi Avropa çempionu olmaqdır.

Bunun üçün Bakıda keçiriləcək “dördlər finalı”na vəsiqə qazanmalıyıq. Sonra isə Çempionlar Liqasının kubokunu ölkəmizə, “Fənərbağça”mıza gətirmək istəyirik. Arzumuzu reallaşdırmaq üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik”.
Qeyd edək ki, “Rabitə” – “Fənərbağça” matçı saat 17:00-da “Sərhədçi” Olimpiya Mərkəzində start götürəcək.

Xəbər 940 dəfə oxundu.