Ağacan Abiyev: Rio rinqində “bürünc" tilsimininin sındırılacağına əminəm
Rio de Janeyro Yay Olimpiya Oyunlarının startına cəmi 3 gün qalır. Ötən olimpiadalarla müqayisədə Azərbaycan bu oyunlarda rekord sayda idman növü və idmançı ilə təmsil olunacaq. Şübhəsiz, böyük komanda ilə təmsil olunmaq daha çox medal qazanmaq şansı yaradır.

Rio Oyunlarında tam heyətlə iştirak edəcəyimiz idman növlərindən biri də boksdur. Onu da qeyd edək ki, olimpiadalar tarixində boksçularımız ilk dəfə bütün çəkilərdə mübarizə aparacaqlar. Buna qədər ən yaxşı göstərici “Afina-2004”də qeydə alınıb - 9 boksçumuz Olimpiya rinqində qüvvəsini sınayıb. Rio Oyunlarına yollanacaq boksçular siyahısında Rüfət Hüseynov (49 kq), Elvin Məmişzadə (52 kq), Cavid Çələbiyev (56 kq), Albert Səlimov (60 kq), Lorenso Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Teymur Məmmədov (81 kq), Əbdülqadir Abdullayev (91 kq), Məhəmmədrəsul Məcidov (+91 kq), Yana Alekseyevna (60 kq) yer alıblar. Azərbaycanla yanaşı, Kuba, Böyük Britaniya, Qazaxıstan və Özbəkistan da Olimpiya rinqində tam heyətlə mübarizə aparacaqlar. Bütün çəki dərəcələrində təmsil olunan komandamızdan uğurlar gözləməyimiz təbiidir. İndiyə qədər yalnız olimpiya "bürünc"ü ilə kifayətlənən dəri əlcək ustalarımızın Olimpiya rinqində iştirakımızın 20-ci ilində bürünc tilsimini sındıra biləcəklərini düşünürük. Müsahibim Milli Olimpiya Komitəsinin baş katibi, Boks Federasiyasının vitse- prezidenti, 25 il müxtəlif ölkələrdə - SSRİ, ABŞ və Avropada hakimlik edən, postsovet məkanında olimpiya oyunlarında yeganə baş hakim olan (“Afina-2004”) Ağacan Abiyev Rio rinqinin boksçularımız üçün uğurlu olacağı ilə bağlı proqnoz verdi.

- Ağacan müəllim, əvvəlcə boksumuzun inkişaf tarixinə nəzər salaq.

- Azərbaycan müstəqil dövlət kimi 1991-ci ildən AİBA-nın üzvüdür, həmin ildən başlayaraq idmançılarımız Avropa, dünya çempionatlarında, olimpiya oyunlarında güclərini sınayıblar. Statistikaya nəzər salsaq, bu inkişafın yüksələn xətlə davam etdiyini görərik. 1990-cı illərdə boksçularımız böyük nailiyyətlərə imza atıblar. Rövşən Hüseynov həm gənclər, həm də böyüklər arasında qitə çempionatının, dünya kubokunun qalibi olub. Ümumiyyətlə, Sidney Olimpiadasına qədər boks komandamız dünyada tanınmağa başlamışdı. 1999-cu ildə boks tariximizdə Bakıda ilk dəfə yeniyetmələrin qitə çempionatı təşkil edildi, orada ümumi hesabda komandamız Rusiya yığmasından sonra ikinci yerə sahib oldu. İlk olimpiya medalımız 2000-ci ildə 75 kq çəkidə Sidneydə qazanıldı (bürünc, Vüqar Ələkbərov).

2003-cü ildə boks tariximizə daha bir parlaq səhifə yazıldı. Banqkokda keçirilən dünya çempionatında bir qızıl (Ağası Məmmədov), iki bürünc (Tofiq Əhmədov, Ruslan Xairov) medal qazandıq. “Afina-2004”-də iki bürünc medal (Fuad Aslanov (51 kq) və Ağası Məmmədov (54 kq)) əldə etməklə boksumuzun şöhrətini dünyaya yaydıq. Olimpiadadan sonrakı illərdə - 2005-ci il dünya çempionatında iki gümüş, bir bürünc, 2006-cı il qitə çempionatında daha iki gümüş və bir bürünc medal əldə etdik. “Pekin-2008”-də isə daha bir bürünc medal qazandıq (Şahin İmranov).

“Pekin-2008”dən “London-2012”-dək ötən dörd ildə də boks üzrə böyük nailiyyətlər əldə edilib. Qeyd edim ki, 2009-cu ildə Kəmaləddin Heydərov Azərbaycan Boks Federasiyasının prezidenti seçildikdən sonra bu növün inkişafında sürətli intibah dövrü başlandı. Şübhəsiz ki, sonrakı illərdə əldə etdiyimiz nailiyyətlərdə bunun böyük rolu oldu. 2011-ci ildə Bakıda keçirilən dünya çempionatında London Olimpiadasına lisenziya uğrunda gərgin mübarizə getdi. Məmmədrəsul Məcidov, Teymur Məmmədov, Albert Səlimov burada medal qazanmaqla yanaşı, həm də “London-2012”-yə vəsiqə də əldə etdilər. Londonda komandamız 6 çəki dərərcəsi üzrə təmsil olunurdu. London -2012-də boks üzrə yenə iki bürünc medal qazandıq.

- Rio Olimpiadasında tam heyətlə təmsil olunmağımız medal şanslarımızı artıra bilərmi? Burada, boksçularımızın "bürünc" tilsimini sındırmalarına ümid edə bilərikmi?

- Boks komandasının Rio Oyunlarında tam heyətlə təmsil olunmasını təsadüfi hesab etmək olmaz. Ötən dörd illik dövrün Azərbaycan boksunun inkişaf tarixində xüsusi yeri var. Belə ki, indiyədək boks üzrə dünya çempionatlarında əldə edilən 5 qızıldan 3-ü Rio Olimpiadasına hazırlıq dövrünə təsadüf edir. Bu, bir daha sübut edir ki, London Oimpiadasından ötən illər ərzində boks komandamızda xeyli inkişafa nail olunub. Bu, şübhəsiz, Boks Federasiyasının məqsədyönlü fəaliyyətinin məntiqi nəticəsidir.
Millimizin tərkibində dünya, Avropa çempionları, ilk Avropa Oyunlarının qalibləri var. Onlar çox güclü döyüşçülərdir. Düşünürəm, gümüş və qızıl medallarımız da olacaq.
Əslində, Londonda da rinq ustalarımız daha yaxşı nəticələr əldə edə bilərdilər. İdmançılarımız hakimlərin ədalətsizliyi ilə qarşılaşdılar. Ümumilikdə, isə boksçularımızın son olimpiadadakı nəticələrini qənaətbəxş saymaq olar.

- “Rio-2016”da komandamızın bayraqdarı boks yığmasının üzvü, istedadlı rinq ustası Teymur Məmmədovdur. Bayraqdar olmaq həyəcanı çıxışına mənfi təsir etməyəcək?

- Teymur Məmmədov yaxşı boksçudur. 19 yaşda London Olimpiadasının bürünc medalını qazanıb. Düzdür, onun potensialı olimpiadada daha yüksək nəticə əldə etməyə imkan verirdi. Teymur ilk Avropa Oyunlarının qızıl, dünya çempionatının gümüş, bürünc medallarını qazanıb. Onun medal şansları yüksəkdir. Düşünürəm, komandamızın bayraqdarı olması onun məsuliyyətini ikiqat artıracaq, oyunlarda gücündən maksimum istifadə edəcək.

- Komandada daha kimlərin medal şanslarını qeyd edərdiniz?

- Lisenziya əldə etmiş bütün boksçularımızın medal qazanmaq şansları var. Bunların arasında Məhəmmədrəsul Məcidovu qeyd edə bilərəm. Ötən olimpiadada bürünc medal qazanıb. Avropa və ikiqat dünya çempionudur.

25 yaşlı boksçu Elvin Məmişzadənin (52 kq) də güclü potensialı var. Rioya son dünya çempionatında qalib olduğu çəkidə yollanacaq. Bu da üstünlüklərdən biridir. Güclü texniki və taktiki bacarığa malikdir.

60 kq çəki dərəcəsində dünya və ikiqat Avropa çempionu Albert Səlimova da ümidlər bəsləyirik. Zədə səbəbindən London Olimpiadasında iştirak edə bilmədi. Son dünya çempionatında da ciddi zədə səbəbindən qızıl medaldan məhrum oldu. Hazırda yaxşı formadadır.

Cavid Çələbiyev kifayət qədər təcrübəli boksçudur. Türkiyənin Samsun şəhərində keçirilmiş Avropa Təsnifat Turnirində 56 kq çəki dərəcəsində qızıl medal qazanaraq, olimpiadaya vəsiqə əldə etdi. Lorentso Sotomayor və millimizin gənc üzvlərindən olan Rüfət Hüseynovun da Rio-2016-da medal şansları böyükdür.

Pərviz Bağırov, Abdulqadir Abdullayev - hər ikisi ilk Avropa Oyunlarının qalibi olduqdan sonra Dohada mükafatçılar sırasına düşüblər.

- Artıq bir neçə ildir ki, həvəskar boks yarışlarında idmançılar maskasız döyüşürlər. İlk Avropa Oyunlarında rinq ustaları tez-tez ciddi zədələrə məruz qalırdılar. Bundan əlavə, Rio-2016-da peşəkar boksçuları da həvəskar boksçularla bir rinqə buraxacaqlar. Maskasız, üstəlik də peşəkarlarla qarşılaşmalar həvəskar boksçular üçün çətinlik törətməzmi?

- 1984-cü ilədək boksçular maskasız vuruşurdular. Gərgin mübarizə nəticəsində idmançılar baş nahiyəsindən ciddi zədələr alırdılar. Boks yeganə idman növüdür ki, idmançının başı zərbə üçün hədəfdir. Məhz buna görə, Beynəlxalq Olimpiya Komitəsinin və AİBA-nın tibb komissiyaları tərəfindən 1984-cü ildə Los Anceles Olimpiadasında döyüşlərin maska ilə keçirilməsi qərara alındı. Bu Olimpiya idmanına və Olimpiya xartiyasına uyğun olaraq atılmış humanist bir addım idi. Yarışların maskasız keçirilməsi idmançıların çox ciddi zədələnməsi ilə nəticələnəcək. Təəssüflər olsun ki, bu qərar həvəskar bokçular üçün gələcəkdə böyük problemlər yarada bilər.

- Olimpiadaqabağı ənənəvi sual. Rio Oyunlarında bokçularımızdan və ümumi komandamızdan neçə medal gözləyirsiniz?

- Ənənəni, eləcə də son illər ölkəmizdə idmanın inkişafını və beynəlxalq yarışlarda qazandığımız uğurları nəzərə alaraq, milli Olimpiya komandamızın Rio-2016-da 12-dən çox medal əldə edəcəyinə inanıram, əgər çox olarsa, ancaq şad olaram. Uyğun olaraq, boksa gəldikdə, 3 medalın qazanılması və "bürünc" tilsiminin sındırılacağına əminəm.

Müsahibəni apardı:
Leyla QURBANOVA




Xəbər 2244 dəfə oxundu.