Azərbaycan kanoeçisi dünya çempionatında yarımfinala yüksəlib
Belarusun Minsk şəhərində yeniyetmə və 23 yaşadək kayakçı və kanoeçilər arasında dünya çempionatına start verilib. "Zaslavl" avarçəkmə kanalında təşkil olunan nüfuzlu reqataya 67 ölkədən 1000-dək idmançı qatılıb.

Azərbaycan təmsilçilərindən ilk olaraq, Aleksey Kupin 23 yaşadək kanoeçilərin 1 nəfərlik qayıqla 1000 metr məsafəyə seçmə yürüşü üçün start xəttinə çıxıb. 21 yaşlı kanoeçi məsafənin ilk 1/4 hissəsinədək hamıdan öndə sonrakı 500 metrlik bölümdə 4-cü yerə enib və yekunda 4 dəqiqə 17,137 saniyə nəticə ilə 5-ci olub. O, ukraynalı Yuri Vandyuk (03:59.284), qazaxıstanlı Alişer Xayotov (04:00.489), tacikistanlı Şahriyor Daminov (04:04.952) və moldovalı İlya Opryadan (04:14.059) geri qalıb. Əvəzində Kupin tailandlı Fanufonq Jiranaronqçay (04.21.642) və braziliyalı Mayko Ferreyra dos Santosu (04:32.352) üstələyib. Azərbaycan təmsilçisi ilk "6-lığ"a düşdüyü üçün yarımfinala yüksəlib.

Aleksey Kupin Bakı vaxtı ilə saat 13:20-də Nikita Sablinlə birgə 2 nəfərlik kanoe qayığı (C-2) ilə 1000 metr məsafəyə seçmə yürüşə də qatılacaq. Onların rəqibləri Conatan Ruz - Con-Paul Selesio (Filippin), Mohsin Mutahir - Qonsalo Martin (İspaniya), Andraş Petko - Adam Fekete (Macarıstan), Sergey Yemelyanov - Timofey Yemelyanov (Qazaxıstan), Mixael Müller - Konrad Şaybner (Almaniya), Aleks Podenski - Rudolf Seqlin (Latviya) olacaq. Yürüşün qalibi birbaşa əsas finala, 2 - 7-ci yerləri tutanlar isə yarımfinala yüksələcəklər.

İyulun 29-da Azərbaycanın daha 2 təmsilçisi start xəttinə çıxacaq. Yeniyetmə kanoeçi Mixail Bıxkalo saat 16:55-də 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə seçmə yürüşə başlayacaq. Onun rəqibləri Bencamin Menninq (Avstraliya), Mattia Alfonsi (İtaliya), Mariuş Milu (Rumıniya), Pablo Qranya (İspaniya), Arkadi Qonçarov (Moldova), Sergey Naqornı (Ukrayna), Gilyermo Quirino Medrano (Meksika) və Konrad Nemedi (Macarıstan) olacaq. İlk "6-lığ"a düşənlər yarımfinala yüksələcəklər.

Saat 17:20-də isə yeganə kayakçımız Tamerlan Mustafayev 1 nəfərlik qayıqla (K-1) 200 metr məsafəyə seçmə yürüşdə çıxış edəcək. O, Tilen Vidoviç (Sloveniya), Hyo Man Çonq (Makau), Conatan Delomberde (Belçika), Maks Lemke (Almaniya), Cakomo Çinti (İtaliya) və Yassin Mohamed ben Hacla (Tunis) mübarizə aparacaq. İlk "7-liy"ə düşənlər yarımfinala yüksələcəklər.

Qeyd edək ki, dünya çempionatına iyulun 31-də yekun vurulacaq.

Xəbər 634 dəfə oxundu.