Federasiya prezidenti gənc basketbolçuları təltif etdi
Bu gün Milli Olimpiya Komitəsinin inzibati binasında Azərbaycan Basketbol Federasiyasının rəhbərliyi yeniyetmə oğlanlardan ibarət U-18 və U-16 yığma komandalarımızın üzvləri ilə görüş keçirib. Azərbaycan Basketbol Federasiyasının prezidenti Nadir Nəsibov gənc basketbolçularımızı salamlayaraq milli komandalarımızı Avropa Çempionatlarında (C Divizionu) qazanılan yüksək nəticə münasibətilə ilə təbrik edib.

Federasiya rəhbəri xüsusən aşağıdakıları qeyd etdi: "U-18 San Marinoda böyük uğur qazandı. Endər Poladxanlı isə yarışın ən dəyərli oyunçusu (MVP) və Avropa birinciliyinin simvolik beşliyinə seçildi. Eyni zamanda, ilk dəfə Avropa Çempionatına qatılan U-16-nın gümüş medalını də qızıl kimi dəyərləndirirəm. Gənc basketbolçumuz Papuna Kirtadze yarışın ən dəyərli oyunçusu (MVP), komandanın iki oyunçusu Papuna Kirtadze və Saadettin Donat Avropa birinciliyinin simvolik beşliyinə seçiliblər. Bu onu göstərir ki, millimizin böyük potensalı var. Biz federasiya olaraq 5, 7, 10 illik proqram üzrə işləyirik. İnanıram ki, bu komandaların oyunçuları 5 ildən sonra əsas yığma olaraq ölkəmizin şərəfini ləyaqətlə qoruyacaq".

Daha sonra Avropa Çempionatının qalibləri və gümüş mükafatçıları federasiya rəhbərliyi tərəfindən fəxri fərman və qiymətli hədiyyələr ilə təltif edilib.

Xəbər 939 dəfə oxundu.