Qurban Qurbanov: “Viktoriya” futbol klubu özünəməxsus oyun tərzi ilə seçilir
“Viktoriya” böyük tarixi olan klubdur və son illərdə qazandığı uğurlar göz qabağındadır. Rəqibimiz güclüdür, yaxşı futbolçulara malik komandadır. İstənilən halda bu cütlüyün favoriti sayılır.

Bu sözləri UEFA Çempionlar Liqası yarışlarının üçüncü təsnifat mərhələsində Plzen şəhərində Çexiyanın “Viktoriya” komandası ilə qarşılaşacaq Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Baş məşqçi bildirib: “Ardıcıl üçüncü ildir bu mərhələdə mübarizə aparırıq. “Viktoriya”nı ötən il Avroliqanın qrup mərhələsində qarşılaşdığımız “Monako”, “Anderlext” və ya “Tottenhem”lə müqayisə etməzdim. Rəqibimiz özünəməxsusluğu ilə seçilir. 2014-cü ildə “Viktoriya” ilə oynadığımız yoxlama oyunundan cəmi 4 futbolçu hazırda komandada çıxış edir. Bizi çətin oyun gözləyir. Komandada baş məşqçi dəyişikliyi olması rəqibin gücünü azaltmır. Ötən il də bir neçə tur qalmış çempion olmuşdular. Bu oyuna yaxşı hazırlaşmışıq. İnşallah, bizə xeyirli və uğurlu olan nəticəni qazanmağa çalışacağıq”.

Xəbər 888 dəfə oxundu.