Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışlarının təntənəli açılış mərasimi olub
Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Bakıda keçirilən bədii gimnastika üzrə dünya kuboku yarışlarının iyulun 22-də təntənəli açılış mərasimi olub.

Milli Gimnastika Arenasında keçirilən mərasimdə yarışlarda iştirak edən ölkələrin bayraqları meydana gətirilib, komandalar təqdim olunub.

Gənclər və idman naziri Azad Rəhimov çıxış edərək Azərbaycanda idmana göstərilən dövlət qayğısından danışıb, bu mötəbər yarışın ölkəmizdə təşkilindən məmnunluğunu bildirib.

Nazir vurğulayıb ki, mötəbər yarışda 17 ölkədən güclü atletlər Milli Gimnastika Arenasında birincilik uğrunda mübarizə aparırlar. Azərbaycan irimiqyaslı beynəlxalq turnirlərə, həmçinin Avropa və dünya çempionatlarına yüksək səviyyədə ev sahibliyi edir. Beynəlxalq idman qurumları da bunu nəzərə alaraq belə mötəbər tədbirlərin keçirilməsini tərəddüdsüz olaraq ölkəmizə həvalə edirlər. Artıq Azərbaycan dünyada idman ölkəsi kimi tanınır.

Ölkəmizin birinci xanımı, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın salamlarını və xoş arzularını çatdıran nazir iştirakçılara uğurlar diləyib.

Sonra Azərbaycanın dövlət himni səsləndirilib.

Sonda gimnastların iştirakı ilə əyləncəli proqram təqdim olunub. Proqramda rəqs hərəkətlərinin gimnastika ilə vəhdəti müxtəlif formalarda tamaşaçılara təqdim olunub.

Üç gün davam edəcək yarışda 17 ölkədən 26 gimnast və 9 qrup hərəkətləri komandası mübarizə aparır.

Xəbər 1310 dəfə oxundu.