Cahangirlərin döyüşü Bakıda baş tutacaq?
Azərbaycan və Rusiya milli komandaları arasında görüş ölkəmizdə keçirilə bilər. İdman.com.az saytının məlumatına görə, bunu Rusiya Şahmat Federasiyasının İdarə Heyətinin sədri İlya Levitov bildirib. O, bu matçın ləğv olunmadığını, sadəcə, başqa vaxta keçirildiyini və Bakıda olmasının mümkünlüyünü açıqlayıb:

“Bu, Azərbaycan tərəfinin xahişi əsasında edilib. Çünki onların 2 aparıcı şahmatçıları xəstələnib. Biz bu oyunu mütləq keçirəcəyik. Özü də azərbaycanlı həmkarlarımız həmin matçı vətənlərində təşkil etmək təşəbbüsündə çıxış edib”.

Levitov oyunların konkret tarixi haqda fikir bildirməyib: “İndi bu barədə dəqiq nəsə demək çətindir. Ancaq əlbəttə, həmin matçları avqustda keçiriləcək şahmat olimpiadasına qədər oynamaq istərdik. Bu matçda yığmamızın bir nömrələrinin iştirakı planlaşdırılır”.
Qeyd edək ki, Rusiya – Azərbaycan görüşü martın 2-də və 6-da Moskvada baş tutmalı idi.

Xəbər 985 dəfə oxundu.