Zirə Türkiyəyə yola düşdü
İyul ayının 15-də Türkiyədə baş verən məlum hadisələrlə bağlı “Zirə”nin qardaş ölkədə planlaşdırılan təlim-məşq toplantısına yollana bilmədiyi haqda xəbər vermişdik. Türkiyədəki vəziyyəti nəzərə alan klub rəhbərliyi hazırlığın Bakıda davam etdirilməsini qərara almışdı.

Ancaq qardaş ölkədə hadisələrin səngiməsi, yoxlama oyunları və hazırlıq üçün hava şəraiti baxımından daha əlverişli olan Bolu variantını yenidən gündəmə gətirib. Belədə, baş məşqçi Adil Şükürovun istəyi ilə komanda bu gün səhər qardaş ölkəyə yola düşüb. “Qartallar” Bolu toplanışı zamanı iki yoxlama oyununda qüvvəsini sınayacaq. Təlim-məşq toplanışı iyulun 30-dək davam edəcək.

“Zirə” səfərə çıxmamış daha bir yoxlama oyununda qüvvəsini sınayıb. Baş məşqçi Adil Şükürov futbolçuları komandanın əvəzedici heyəti ilə oyunda yoxlayıb. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

Xəbər 710 dəfə oxundu.