Vinisius və Tom “Rio-2016”da idmançıları salamlamağı səbirsizliklə gözləyirlər
Azərbaycan idmançıları növbəti sınaq ərəfəsindədirlər. İdmançılarımız avqustun 5-dən 21-dək Rio-de-Janeyroda təşkil olunacaq XXXI Yay Olimpiya Oyunlarına ciddi hazırlaşırlar. Olimpiyaçılarımız “Rio-2016”ya 56 idmançı ilə qatılacaqlar.

Rio-de-Janeyroda da mötəbər yarışa hazırlıqlar plana uyğun olaraq davam edir.

İki il ərzində dünya miqyaslı ikinci nüfuzlu turnirə (2014-cü il futbol üzrə dünya çempionatı) ev sahibliyi edəcək Braziliya əsrarəngiz təbiəti ilə seçilir. “Rio-2016” Cənubi Amerika materikində ilk dəfə, Latin Amerikasında isə “Mexiko-1968”dən sonra ikinci dəfə təşkil olunacaq. Mötəbər yarışda rekord sayda – 301 dəst medal uğrunda gərgin mübarizə gedəcək. 206 ölkədən 10 mindən çox idmançının qatılacağı yarışda atletlər idmanın 33 növündə qüvvələrini sınayacaqlar.

2016-cı il Yay Olimpiya və Paralimpiya Oyunlarının keçirilməsinə namizəd şəhərlərin irəli sürülməsi prosesi 2007-ci il mayın 16-da başlayıb və sentyabrın 13-də yekunlaşıb. Əvvəlcə səkkiz şəhərin namizədliyi irəli sürülmüşdü. Ancaq final mərhələsinə dörd şəhər – Rio-de-Janeyro, Madrid, Çikaqo və Tokio keçmişdilər. 2009-cu il oktyabrın 2-də Danimarkanın paytaxtı Kopenhagendə Beynəlxalq Olimpiya Komitəsinin 121-ci sessiyasında qalib şəhərin adı açıqlandı. Sonuncu səsvermə üç mərhələdən ibarət idi. Əvvəlcə Çikaqo, daha sonra isə Tokionun namizədliyi lazımı səsi toplaya bilmədi. Üçüncü mərhələdə 66 səs toplayan Rio-de-Janeyro 2016-cı il Yay Olimpiya və Paralimpiya Oyunlarına ev sahibi etmək hüququ qazandı. Madrid şəhəri isə 32 səs topladı. Rio-de-Janeyro şəhərinin namizədliyi əvvəlki illərdə - 1936-cı, 1940-cı, 2000-ci və 2012-ci illərdəki Olimpiadalar üçün irəli sürülsə də, bu cəhdlər uğursuz olmuşdu.

“Rio-2016”nın məşəli bu il aprelin 21-də Yunanıstanın Olimpiya şəhərindəki Hera məbədində alovlandırılıb. Məşəlin Yunanıstan estafeti səkkiz gün davam edib və aprelin 28-də Lozannaya, bir gün sonra isə Cenevrəyə gətirilib. Mayın 2-də məşəl Kolumbiyanın paytaxtı Boqotaya çatıb. Mayın 3-də Braziliyada məşəl estafetinə start verilib. Estafet çərçivəsində məşəl Braziliyanın 300 şəhərində nümayiş olunacaq. Estafetə avqustun 5-də “Rio-2016”nın açılış mərasimində yekun vurulacaq.

“Rio-2016”da ilk dəfə qolf və reqbi-7 yarışları təşkil olunacaq.

İdman obyektlərinin əksəriyyəti Rio-de-Janeyronun 4 zonasında yerləşir. Bunlar Marakana, Kopakabana, Barra və Deodorodur. Olimpiadanın futbol yarışlarının ilkin mərhələsi isə digər 4 şəhərdə - Belu-Orizonti, Braziliya, Salvador və San-Pauluda təşkil olunacaq.

Olimpiya Oyunlarının loqotipi Braziliyanın “Tatil Design” studiyası tərəfindən hazırlanıb və ictimaiyyətə 2010-cu il dekabrın 31-də təqdim olunub. Rəmzi nişanda Rio-de-Janeyro şəhər üslubu - rəqs edən insanların kölgəsini xarakterizə edən dağlar, günəş və girintili-çıxıntılı dəniz görüntüsü tərənnüm edilib. Olimpiya rəmzi Braziliyanın milli bayrağının – göy, sarı, yaşıl rənginə uyğun hazırlanıb. Burada qarşılıqlı şəkildə enerji, müxtəlifliyin harmoniyası, eləcə də təbiətin coşqunluğu və Olimpiya ruhu əks olunub.

“Rio-2016”nın rəsmi posterləri iyulun 12-də “Sabahkı günün muzeyi”ndə təqdim olunub. Mərasimdə 12 müəllifin 13 əsəri nümayiş edilib. Posterlər iki ölçüdə - 28x42 və 60x90 sm çap olunub.

Olimpiyadanın rəsmi talismanı 2014-cü il noyabrın 24-də təqdim olunub. Təşkilatçılar talismanda Braziliyanın zəngin flora və faunasını ümumiləşdirilmiş obrazlarda birləşdiriblər. Olimpiya Oyunlarının talismanı gülərüzlü sarı “vəhşi” seçilib. Paralimpiya Oyunlarının rəmzi isə “vəhşi”nin göy və yaşıl rənglərə boyanmış versiyasıdır. Braziliyada təşkil olunmuş üçhəftəlik səsvermə nəticəsində talismanlara Vinisius və Tom adları verilib.

Xəbər 788 dəfə oxundu.