AFFA-nın “Futbola qoşul” onlayn qeydiyyat sistemi işə başlayıb
İyulun 12-dən AFFA-nın “Futbola qoşul” onlayn qeydiyyat sistemi işə başlayıb.

2009-cu ilin yanvarından etibarən AFFA tərəfindən futbolla məşğul olan şəxslərin – futbolçuların, məşqçilərin və digər texniki işçilərin – qeydiyyat sistemi yaradılıb. Bu sistemin daha da təkmilləşdirilməsi və müasir texnologiyaların tətbiqi ilə həyata keçirilməsi məqsədilə “Futbola qoşul” onlayn qeydiyyat sistemindən yararlanmaq qərara alınıb. FİFA Connect layihəsinin nümayəndələri AFFA qeydiyyat şöbəsinin əməkdaşları ilə birgə iki ilə yaxın bu layihənin üzərində çalışıblar. Yeni sistemdə qeydiyyat mərkəzləşdirilmiş qaydada deyil, onlayn aparılacaq. Sistemə keçid AFFA-nın saytı vasitəsilə mümkündür. Klub və komandalar aşağıdakı qeydiyyat prosesinin özləri aparacaq: - yeni oyunçuların, məşqçilərin və inzibati heyətin qeydiyyatı - transferlər - heyət yenilənmələri mövcuddur.

FİFA Connect proqramı hər bir üzv federasiyaya futbolla məşğul olan şəxslərin sistemli şəkildə qeydiyyatının aparılmasına kömək edir. Bu sistemdə yalnız oyunların təşkili şöbələri tərəfindən yarışlara buraxılan klublar öz qeydiyyatını apara bilər. 2016-2017-ci il mövsümündə yalnız Premyer Liqa və futzal üzrə yüksək liqa klubları qeydiyyatlarını icbari qaydada özləri aparacaqlar. Digər klublar isə AFFA tərəfindən klublara dəstək məqsədi ilə müvəqqəti açılmış region ofislərinin (siyahı aşağıda göstərilib) qeydiyyatla bağlı təyin edilmiş əməkdaşlarının xidmətindən istifadə edə biləcəklər. Bura Sumqayıt–“Kapital Bank Arena”, Lənkəran–“Xəzər-Lənkəran” stadionu, Ağsu-Ağsu şəhər stadionu, Gəncə-“Kəpəz” stadionu, Qəbələ-Böyük Əmilli kənd stadionu, Bakı-AFFA-nın inzibati binası daxildir.

Qeydiyyat qaydaları aşağıdakı kimidir:

1. İlk olaraq (köhnə klublar – AFFA bazasında artıq mövcud olanlar) klublar yarışlara qatılmaq üçün oyunların təşkili şöbələrinə müraciət etməlidir. Yarışların təşkili şöbələri kluba yarışlara qatılmaq hüququ tanıdıqdan sonra qeydiyyat şöbəsinə registration@affa.az maili vasitəsilə bu klublar barəsində məlumat verməlidir;

2. Yeni (AFFA bazasında mövcud olmayanlar) klublar yarışlara qatılmaq üçün oyunların təşkili şöbələrinə müraciət etməlidir. Yarışların təşkili şöbələri komandaya yarışlara qatılmaq hüququ tanıdıqdan sonra klublara təqdim olunan “Klub anketi”ni doldurmaq üçün təqdim etməlidirlər. Son olaraq oyunların təşkili şöbələri doldurulmuş anketlə birgə qeydiyyat şöbəsinin registration@affa.az mailinə bu klublar barəsində məlumat göndərməlidir;

3. “Futbola qoşul” platformasında hər bir özünün qeydiyyatını aparmaq istəyən klub (yeni və ya köhnə) qeydiyyatdan keç yerindən istifadə edərək qeydiyyatdan keçməlidir. Qeydiyyatdan keçdikdən sonra müvafiq klub və klub üçün təqdim olunan rolu (rolları) seçib AFFA-ya təqdim etməlidir.

4. Müvafiq klub və rol (rollar) seçildikdən sonra klub saytda göstərilən email registration@affa.az və ya (012) 404 27 66 telefonundan istifadə edərək təsdiq üçün qeydiyyat şöbəsinə məlumat verməlidirlər.

5. Yalnız qeydiyyat şöbəsinin rolu (rolları) təsdiqindən sonra klub öz səhifəsinə daxil olaraq hər hansı qeydiyyat əməliyyatı apara bilər.

Xəbər 671 dəfə oxundu.