Bədən Tərbiyəsi və İdman Akademiyası Azərbaycan Velosiped İdmanı Federasiyası ilə əməkdaşlıq edəcək
İyulun 12-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) ilə Azərbaycan Velosiped İdmanı Federasiyası (AVİF) arasında memorandum imzalanıb.

Memorandumu akademiyanın rektoru Fuad Hacıyev və federasiyanın vitse-prezidenti Sahib Ələkbərov imzalayıblar.

Akademiya tədrisin təkmilləşdirilməsi, tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün idman federasiyaları ilə əməkdaşlığa xüsusi önəm verir və münasibətlərin daha da inkişaf etdirilməsinə çalışır. Ölkədə peşəkar idmanın real vəziyyəti, ehtiyacların müəyyən olunması və tələblərə cavab verən idman təhsilinin təşkili, ixtisaslı kadrların yetişdirilməsinin məhz belə əməkdaşlıq nəticəsində mümkün ola biləcəyi nəzərə alınır.

Tərəflər memoranduma uyğun olaraq, akademiyada velosiped idmanının təşviq edilməsi və tələbələrin bu idmana marağının artırılması üçün birgə tədbirlərin təşkili, həmçinin tələbələrin federasiya tərəfindən texniki təlimlərə və ixtisasartırma kurslarına cəlb olunması sahəsində əməkdaşlıq edəcək. Gələcəkdə bu idman növü üzrə müəyyən ödənişli əsaslarla mütəxəssislərin yetişdirilməsi, onların yerli və beynəlxalq yarışlarda iştirakına qarşılıqlı dəstək verilməsi istiqamətində də razılıq əldə olunub. Bundan əlavə, sənəddə akademiya AVİF ilə birgə yüksək ixtisaslı peşəkar kadr hazırlığını həyata keçirmək, federasiyanın ehtiyaclarını müəyyənləşdirərək müvafiq təlimlərin təşkili, birgə elmi-tədqiqat işlərinin aparılması nəzərdə tutulur.

Xəbər 672 dəfə oxundu.