Avropa çempionları Bakıda da hamıdan üstün oldular
Şağan Olimpiya İdman Kompleksində gənc boksçular arasında ölkə birinciliyinə yekun vurulub. İdman.com.az saytının məlumatına görə, paytaxtın 22, digər şəhər və rayonların 26 komandasının 189 iştirakçısı qələbə uğrunda mübarizə aparıb. Milli komandamızın liderləri – Pərviz Bağırov və Rauf Rəhimov Azərbaycan çempionatında da fəxri kürsünün ən yüksək pilləsinə qalxıbıar.

64 kq çəki dərəcəsində mübarizə aparan ötən il İrlandiyada keçirilmiş gənclər arasında Avropa çempionatının qalibi Bağırov finalda “Rabitə” İdman Cəmiyyətinin üzvü Pərviz Hüseynovu 12:4 hesabı ilə məğlub edib. Digər qitə çempionu Rauf Rəhimov (81 kq) isə yeniyetmələr arasında Avropa birinciliyinin bürünc mükafatçısı Rahil Məmmədlini 18:12 hesabı ilə üstələyib.

Ümumkomanda hesabında “Neftçi” İdman Sağlamlıq Mərkəzi 1-ci, “Rabitə” 2-ci, “Qizıl Əlcək” klubu isə 3-cü yeri tutub. “Neftçi” təmsilçilərindən 5-i Azərbaycan birinciliyini çempion kimi başa vurub. Qeyd edək ki, gənclərdən ibarət milli komandamızın bəzi üzvləri martın 14-dən 18-ə kimi Vilnüsdə Danas Poznyakın xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə, digərləri isə Bakıda “İpək Yolu” yarışında mübarizə aparacaqlar. Gənclərin əsas yarışı isə oktyabrda Tailandda keçiriləcək dünya birinciliyi olacaq.

Final görüşlərinin nəticələri:

49 kq: Natiq Kazımov (Qızıl Əlcək) 23-10 Rüstəm Musayev (Sərhədçi)
52 kq: Murad Əliyev (Təhsil) 22:14 İbrahim Məlikov (Neftçi)
56 kq: Alim Abbasov (Rabitə) 20:22 Nəsrəddin Məmmədov (Neftçi)
60 kq: Cavid Quliyev ( Neftçi) 12:26 İman Əhmədov (Gömrükçü)
64 kq: Pərviz Hüseynov (Rabitə) 4:12 Pərviz Bağırov (Neftçi)
69 kq: Abdulla Abdullayev (İnter) 15:24 Saqi Salehli (Rabitə)
75 kq: Orxan Mayıllı (Neftçi) 17:11 Niyazbek Halayev (Qızıl Əlcək)
81 kq: Rauf Rəhimov (Neftçi) 18:12 Rahil Məmmədli (Sərhədçi)
91 kq: Tayfur Məmmədli (DİN İC) 11:8 Nurxuda Qaydarov (Neftçi)
91+kq: Sadiq Səmədov (Neftçi) 13:17 Məmmədəli Tahirov (Neftçi)

Xəbər 1171 dəfə oxundu.