Stokholmda “Neftçi” ictimai idman təşkilatı yaradılıb
İsveç Azərbaycanlıları Konqresinin sədri (İAK) Emil Mirzəyev və futbol üzrə Azərbaycan yığmasının sabiq məşqçisi İqor Ponomaryov Stokholmda “Neftçi” ictimai idman təşkilatının yaradılması haqqında müqavilə imzalayıblar.

İdman təşkilatı həmvətənlərimizin İsveçin ictimai, mədəni və siyasi həyatına inteqrasiyasına və cəlb olunmasına yönələn layihəsi çərçivəsində yaradılıb.

Sənədin imzalanması mərasimində 28 diaspor təşkilatını bir araya gətirən İsveç Azərbaycanlıları Konqresinin idarə heyəti şurasının üzvləri iştirak ediblər. “Neftçi” ictimai idman təşkilatının sədri 1988-ci il Seul Olimpiadasının çempionu, SSRİ-nin Əməkdar İdman Ustası, 1988-cu ildə İsveçin futbol üzrə çempionu İqor Ponomaryovdur.

İctimai təşkilatı yaratmaqda məqsəd bu ölkədə yaşayan gənc həmvətənlərimizi idmana, ilk növbədə futbola cəlb etmək, habelə onlarda İsveçin idman həyatına maraq oyatmaqdır. Təşkilata Azərbaycan və sovet futbolunun əfsanəsi İqor Ponomaryovun rəhbərlik etməsi klub üzvlərinə peşəkar futbolçu kimi təlim keçmək şansı verir, onların İsveçdə idman karyerası qurmalarına yol açır.

“Neftçi” idman təşkilatı İsveç Azərbaycanlıları Konqresi nəzdində ictimai birlik kimi fəaliyyət göstərəcək.

Xəbər 1103 dəfə oxundu.