“Avro-2016”: Uels millisi Belçika yığmasını mübarizədən kənarlaşdırıb
Futbol üzrə Avropa çempionatında ikinci dörddəbir final görüşündə Uels millisi Belçika yığması ilə qarşılaşıb.

Turnirin sürprizlərindən hesab olunan Uels millisi Belçika yığması ilə oyunda da mübarizədən qalib ayrılmağı bacarıb. Oyunda hesabı Belçika millisi açıb. İlk hissənin 13-cü dəqiqəsində Radja Naynqqolan uzaq məsafədən baxımlı qola imza atıb. Lakin Eşli Uilyamsın 31-ci dəqiqədə vurduğu qol oyuna tarazlıq gətirib.

İkinci hissəyə Belçika yığması hücumlarla başlasa da, fərqlənən tərəf Uels kollektivi olub. Hal Robson-Kanunu 55-ci dəqiqədə vurduğu qolla Uels yığmasını hesabda önə çıxarıb. Hamı Belçika millisindən qol gözləsə də, yenə Uels yığması fərqlənib. Sona 6 dəqiqə qalmış Sem Vouks yekun hesabı müəyyən edib. Beləliklə, 3:1 hesabı ilə qələbə qazanan Uels millisi yarımfinalda Portuqaliya kollektivi ilə qarşılaşacaq.

Xəbər 918 dəfə oxundu.