Qarabağ Avstriyada tarix yazır
Vyananın "Qarabağ" klubu həm özü üçün, həm də Avstriya futbolunda yeni tarix yazıb. Avstriya futbolu tarixində ilk dəfə əcnəbilərin yaratdığı bir klub ölkə çempionu olub.

Bu ölkənin gücünə görə beşinci liqasında çıxış edən "Qarabağ" mövsümün sonuna iki tur qalmış çempion olub. Nəticədə komanda Avstriyanın 4-cü liqasına yüksəlib.

Sözügedən çempionluq Vyana təmsilçisinə Avstriya kubokunda iştirak etmək hüququ da qazandırıb. Hansı ki, bu turnirdə mükafatlar uğrunda Birinci Liqa, Bundesliqa təmsilçiləri də mübarizə aparır. "Qarabağ"ın kubokdakı rəqibi isə ölkənin ən titullu komandalarından biri - Vyana "Rapid"i olacaq.

Təbii ki, bu, "Qarabağ" üçün tarixi bir hadisədir. Komanda Avstriya kubokundakı debüt matçında belə ciddi rəqiblə qarşılaşacaq. Amma bu, həm də komanda üçün özünü göstərmək baxımından bir şansdır.

Qeyd edək ki, "Qarabağ" 2014-cü ildə Azərbaycan və Avstriya arasındakı əlaqələrin yaxşılaşdırılması münasibətilə yaradılıb. Aydın məsələdir ki, Qarabağ adının bu şəkildə tanıdılması Azərbaycan üçün böyük önəm kəsb edir.

"Qarabağ"ın baş meneceri Ramin Şükürov klubun fəaliyyəti barədə söz açıb: "Biz bu klubla iki ölkəni - Azərbaycan və Avstriyanı birləşdirmişik. Futbol dünyada ən populyar idman növüdür. Eyni zamanda "Qarabağ" rəhbərliyi bu komandanı daha üst səviyyəyə çıxarmağa çalışır. Əsas heyətlə yanaşı, klubumuzda 7-dən 18 yaşadək uşaqlar üçün də komandalar yaradılıb".

"Qarabağ"ın hətta kiçik fan-klubu da var: "Fan-klub əsasən avstriyalılardan təşkil olunub. Amma biz azərbaycanlı azarkeşlərin də dəstəyini görməyə şad olarıq. Oyunlarımız, digər fəaliyyətlərimiz barədə məlumatları "Facebook" və" "Instagram" kimi sosial şəbəkələrdən almaq mümkündür".

Qeyd edək ki, bu klubun prezidenti Orxan Vəliyevdir. O, Avstriyada Dövlət İqtisad Universitetində ali təhsil alıb. Klub rəhbərliyi dörd Azərbaycan, iki Avstriya vətəndaşından ibarətdir.

Xəbər 654 dəfə oxundu.