Millimizin rəqibi əsas qapıçısını itirdi
“Qapıçı ilə aramızda heç bir münaqişə yoxdur. Sergey Zuyevin milli karyerasını bitirməsi ilə bağlı açıqlaması mənim üçün də gözlənilməz oldu”. İdman.com.az saytı apasport.az-a istinadən xəbər verir ki, bu sözü Rusiyanın futzal millisinin baş məşqçisi Sergey Skoroviç deyib.

Dünya çempionatının pley-off mərhələsində Azərbaycan yığmasının rəqibi olan şimallıların çalışdırıcısı, təcrübəli qapıçı Sergey Zuyevin yığmadan getməsi ilə bağlı qərarına münasibət bildirib. O, qolkiperin pley-off qarşılaşmalarına kimi qərarını dəyişəcəyinə ümidlidir: “Onunla söhbət etdim. Mənə qərarını ölçüb-biçdiyini söylədi. Cavabında tələsməməyi, hər şeyi yenidən götür-qoy etməyi məsləhət verdim. Həyatda belə şeylər olur ki, hadisəyə bu gün bir cür yanaşırsan, sabah fərqli.

Sergey ən yaxşı qapıçılardan biridir. Belələrini barmaqla saymaq olar. Finalda Qustavonun daha faydalı olacağını düşündüyümdən meydana onu buraxdım. Heyəti məşqçi müəyyənləşdirir. Mən burda xırda pul atıb, qəhvə falı açmıram”.
Qeyd edək ki, Azərbaycan və Rusiya yığmaları arasında ilk oyun martın 27-də Bakıda keçiriləcək.

Xəbər 921 dəfə oxundu.