Şahin Diniyev: “Cütün taleyi cavab oyununda həll olunacaq”
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin “Kəpəz” – “Daçiya” oyunundan sonra hər iki komandanın baş məşqçisi media nümayəndələrinin qarşısına çıxıb. Gəncə klubunun çalışdırıcısı Şahin Diniyev oyunla bağlı fikirlərini belə bölüşüb: “Düşünürəm ki, keyfiyyətli oyun oldu. Avropa Liqasına yaraşan Avropa futbolu oynamağa çalışdıq. Komanda qarşısına qoyulan taktiki tapşırığın tam öhdəsindən gəldi. Biz meydanın mərkəzini rəqibə verib əks-hücümlar və cinah hücumlarının hesabına qol vəziyyətləri yaratmalı, müdafiə zamanı bağlanmalı idik. Əsas vəzifəmiz qol vurmaq və top buraxmamaq idi. İkincini bacardıq, birincidə isə bəxtimiz gətirmədi. 4-5 real qol vəziyyətini reallaşdıra bilmədik. Belə oyun üçün qol vəziyyəti çox oldu. Mən komandamla fəxr edirəm. Heyətdə 5 yeni futbolçu vardı, adaptasiya və xətlərarası əlaqənin istənilən səviyyədə olmamasının, oyun təcrübəsinin azlığının bizə çətinlik yaradacağını əvvəlcədən demişdim. Amma bu gün futbolçular xarakter göstərdilər, meydanda bacarıqlarını qoydular. Əvəzetmələrlə oyunun ritmini tutmağa çalışdıq. Cütün taleyi cavab oyununda həll olunacaq. “Kəpəz”ə Bakıda dəstək verməyə gələn azarkeşlərimizə minnətdaram. Fikirləşirəm ki, onları utandırmadıq. Komanda hər gün tərəqqidədir. 9 gün vaxtımız var, cavab görüşündə ələ düşən şanslardan istifadə etsək və taktiki cəhətdən düz oynasaq, uğur bizim tərəfimizdə olacaq”.

Xəbər 647 dəfə oxundu.