Bakıda təşkil olunan Paralimpiya festivalında maraqlı anlar yaşanıb
Dənizkənarı Milli Parkda Paralimpiya festivalı keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Milli Paralimpiya Komitəsi və “Gənclərin Sağlam İnkişafı” İctimai Birliyinin birgə təşkil etdiyi festivalda idmanın beş növü üzrə yarışlar keçirilib.

Yüz əllidən artıq könüllünün də qatıldığı festivalda Bakı sakinləri basketbol, maneəli həyat, əlil arabasında yarış, boccia və cüdo üzrə mübarizədə qüvvələrini sınayıblar.

Cəmi 3 top şansı verilən basketbol yarışında paytaxt sakinləri topu əlil arabasında, oturaq vəziyyətdə səbətə atmağa çalışıblar. Maneəli həyat yarışının iştirakçıları isə yarışın şərtlərinə uyğun olaraq, maneələri gözü bağlı keçiblər. Əlil arabasında finişə birinci çatmaq uğrunda da qızğın mübarizə gedib. Fiziki məhdudiyyətli şəxslərin də qatıldığı boccia yarışında isə şəhər sakinləri nəticə etibarilə fiziki məhdudiyyətli iştirakçılardan geri qalıblar.

Festivalın bir meydançası da cüdo həvəskarlarının ixtiyarına verilib. Belə ki, iştirakçılar tatami üzərinə gözü bağlı çıxıblar. Yüzlərlə şəhər sakininin qatıldığı festivalda həyəcan dolu anlar yaşanıb.

Paralimpiya və İslam Həmrəylik oyunlarının proqramına daxil olan idman növlərinin inkişafını və cəmiyyətdə fiziki məhdudiyyətli insanlarla düzgün davranış qaydalarının təbliğini hədəfə alan festivalın sonunda könüllülərə sertifikatlar təqdim olunub.

Xəbər 813 dəfə oxundu.