Elnur Məmmədli komandamızı medalsız qoymadı
Almaniyanın Düsseldorf şəhərində təşkil edilən qran-pri turniri cüdoçularımız üçün artıq başa çatıb. İdman.com.az saytının məlumatına görə, dünən yalnız bir təmsilçimiz qənaətbəxş çıxış edib: Rüstəm Orucov (73 kq) 5-ci yer tutub. Bu gün keçirilmiş görüşlərdə nəticələr daha uğurlu olub.

Elnur Məmmədli (81 kq) yarımfinala qədər irəliləyib. Qızıl medala gedən yolda olimpiya çempionumuzun önünü Alen Şmitt kəsib. Əsas və əlavə vaxtda qalib müəyyənləşməyib. Hakimlər yekun qərarda qələbəni fransalı rəqibə veriblər. Titullu idmançımızın bürünc mükafatına Elxan Məmmədov (90 kq) və Elmar Qasımov (100 kq) 5-ci yerlə dəstək veriblər.

Qeyd edək ki, ümumi mükafat fondu 100000 ABŞ dolları olan yarışda 86 ölkədən 557 idmançı iştirak edir. Qalib idmançı 3000, 2-ci yer tutan 2000 və 3-cü yerin sahibləri hərəyə 1000 dollar qazanır. Bundan savayı, 1-ci pillənin sahibi 200, gümüş medalçı 120, bürünc mükafatçılar 80 və 5-ci yerin sahibləri 40 lisenziya xalı əldə edirlər.

Xəbər 1801 dəfə oxundu.