Futbol üzrə Amerika kubokunun qalibini penalti zərbələri müəyyənləşdirib
Futbol üzrə Amerika kubokunun finalında Çili və Argentina komandaları qarşılaşıblar.

Matçın əsas və əlavə vaxtında komandaların heç biri qol vura bilməyib. Qalibi müəyyənləşdirmək üçün on bir metrlik cərimə zərbələri təyin olunub. Penalti seriyasını daha sərrast yerinə yetirən Çili yığması rəqibinə 4:2 hesabı ilə qalib gələrək ardıcıl ikinci dəfə Amerika kubokunun sahibi olub.

Penaltiləri argentinalı Lionel Messi, Lukas Bilya və çilili Artur Vidal reallaşdıra bilməyiblər. Oyunun braziliyalı baş hakimi Eber Lopes komandaların oyunçularına 8 sarı və 2 qırmızı vərəqə göstərib. Matçın 29-cu dəqiqəsində Çili komandasının yarımmüdafiəçisi Marselo Dias, 43-cü dəqiqəsində isə argentinalı müdafiəçi Markos Roxo meydançadan qovulub.

Maraqlıdır ki, ötən il də turnirin finalında bu iki komanda qarşılaşmışdı. Həmin oyunda da əsas və əlavə vaxtda qapılara qol vurulmamış, penalti seriyasını 4:1 hesabı ilə Çili millisi qazanmışdı.

Komandasının məğlubiyyətinə və həlledici penaltini vura bilməməsinə baxmayaraq, Lionel Messi gözəl və məhsuldar oyunu ilə fərqlənib. Argentina millisinin lideri turnir çərçivəsində dörd matçda 5 qol vurub, daha 4 qolun isə assistenti olub. O, üç görüşdə ən yaxşı hücumçu elan edilib.

Xəbər 744 dəfə oxundu.